Vergilər Nazirliyindən riskli vergiödəyicilər ilə bağlı - YENİLİK
Vergilər Nazirliyi tərəfindən son bir neçə həftə ərzində vergiödəyicilərinin qanunvericiliyə uyğunluğu nöqteyi-nəzərdən müxtəlif risk qruplarına bölüşdürülməsi ilə bağlı yenilik tətbiq edilir.
"BI" xəbər verir ki, bu barədə vergilər naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, riskli vergiödəyicisi digər vergiödəyicisi ilə hər hansı əqdi həyata keçirmək istəyirsə, qarşı tərəfə avtomatik qaydada bu barədə məlumat verilir. Həmin məlumatda deyilir ki, əməliyyat həyata keçirmək istədiyiniz vergiödəyicisi yüksək riskə aiddir. Vergiödəyicisi bu bildirişi elektron qaydada alır və bundan sonra əməliyyata davam edib-etməmək barədə qərarını onun özü verir.
Nazir qeyd edib ki, riskli vergiödəyiciləri ilə bağlı məlumatlandırma həm də riskli ödəyicilərin əməliyyatlarının sayının azaldılmasına xidmət edir. Çünki intizamlı vergiödəyicisinin riskli vergiödəyicisi ilə əməliyyatlar aparması onun özü üçün də riskin artması deməkdir.
M.Cabbarov vurğulayıb ki, tətbiq edilən yenilik şüurlu və ya şüursuz şəkildə vergidən yayınma hallarının qarşısının alınmasına xidmət edir.