Birja

SOCAR daha 100 milyon dollarlıq istiqraz buraxır

Dövlət Neft Şirkəti (SOCAR) bu il daha 100 milyon ABŞ dolları məbləğində istiqraz buraxmağı planlaşdırır.

Bununla bağlı hazırlıq işlərinə başlanılıb, məlumatı Report agentliyi əldə edib.

Söhbət 2016-cı ildə reallaşdırılmış ilk emissiyada olduğu kimi, hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 min ədəd istiqrazdan gedir. İstiqrazlar kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC-də yerləşdiriləcək. Amma onların illik gəlirliliyi indi dövriyyədə olan istiqrazlarla müqayisədə 0.5 faiz bəndi az – 4.5% təşkil edəcək.

Qiymətli kağızlar yenə də 5 il müddətində dövriyyədə olacaq, faizlər isə rüblük ödəniləcək. SOCAR-ın tədavül müddətində onları nominal dəyəri ilə geri alması da nəzərdə tutulub. Prosesin anderrayteri “PSG Kapital İnvestisiya Şirkəti” QSC olacaq.

Xatırladaq ki, SOCAR-ın ölkə daxilində ilk istiqrazlarının tədavül müddəti gələn ilin oktyabr ayında başa çatır. Həmin istiqrazlar indiyə qədər sahiblərinə 25 milyon dollar gəlir gətirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)