Sağlamlıq

Amerikalı tibb işçiləri COVID-19 peyvəndi vurdurmaqdan imtina edir

ABŞ administrasiyasının siyasətinə müvafiq olaraq, COVID-19 əleyhinə vaksin, ilk növbədə, tibb işçilərinə vurulur. Lakin bütün ölkə üzrə onların əksəriyyəti peyvəndlənməkdən imtina edir.

ENA.az xəbər verir ki, bu həftənin əvvəlində Ohayo ştatının qubernatoru Mayk DeVayn onun ştatında yerləşən ahıllar evlərinin işçilərinin təxminən 60 faizinin peyvəndlənməmək barədə qərara gəldiklərini bildirib. Nyu-Yorkun təcili tibbi yardım xidmətlərində çalışan əməkdaşların yarısından çoxu da skeptisizm nümayiş etdiriblər. Hesabatlara görə, hazırda Kaliforniyada və Texasda tibb işçilərinin vaksindən imtina etmələrinin yüksək dərəcəsi müşahidə olunur.

Kaliforniya ştatında əhalinin sıx yaşadığı dairələrdən biri olan Riversaydda tibb işçilərinin təqribən 50 faizi preparatdan imtina ediblər. Peyvəndləməyə qarşı çıxış edən respondentlər vurğulayıblar ki, vaksinin işlənib hazırlanmasına siyasətin necə təsir etməsi məsələsi onları ciddi narahat edən məsələlərdəndir. Peyvəndləmədən hamiləliklə əlaqədar imtina etmək qərarı verən Kaliforniya xəstəxanasında çalışan tibb bacısı bildirib ki, onun həmkarları da vaksinləmədən imtina ediblər. Çünki onların fikrincə, pandemiyanı vaksinsiz də ötüşdürmək mümkündür. Bir neçə gün bundan əvvəl peyvənd alan amerikalı tibb bacısı birbaşa efirdə bayılıb, bu da işlənib hazırlanmasından bir ildən az vaxt keçmiş vaksinə qarşı amerikalılar arasında inamsızlıq yaradıb.

Harvarddan olan epidemioloq Mark Lipsiç bildirib ki, təkcə tibb işçiləri arasında deyil, həm də əhali arasında vaksindən imtinanın belə yüksək faizi ümumilikdə problemə çevrilə bilər. O deyib: “Bizim bir cəmiyyət olaraq daha yüksək səviyyədə fəaliyyət göstərə bilməyimiz mümkün qədər çox sayda insanın qorunmasından asılıdır”.

Eyni zamanda, koronavirusa yoluxan amerikalıların sayı xüsusən də yeni il şənliklərindən sonra artmaqda davam edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)