Mərkəzi Bank 2021-ci il üçün planlarını açıqladı - TAM MƏTN
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət və dərin islahatlar nəticəsində uzun illər ərzində yaradılmış iqtisadi və hərbi potensial 2020-ci ildə Vətən müharibəsində müzəffər ordumuzun düşmən qüvvələri üzərində parlaq qələbəsinə və COVID-19 pandemiyasının neqativ təsirlərini minimallaşdırmağa imkan verdi.
2020-ci ildə ölkədə presedenti olmayan xarici və daxili şoklar kombinasiyasına vaxtında və adekvat cavab verilmişdir. İctimai həyatın və iqtisadi fəaliyyətin bütün sferalarına güclü təsir göstərən bu şoklar il ərzində effektiv idarə olunmuşdur.
Mərkəzi Bankın 2020-ci ildə pandemiyaya və xarici mühitin kəskin pisləşməsinə qarşı hökumətlə sıx koordinasiya şəraitində gördüyü tədbirlər nəticəsində ölkədə makroiqtisadi sabitlik təmin edilmiş, o cümlədən qiymətlər sabitliyi və valyuta bazarında tarazlıq qorunmuşdur.
Əhalinin və biznesin dəstəklənməsi istiqamətində qəbul edilmiş antiböhran planı, monetar şəraitin yumşaldılması və makroprudensial yumşalmalar iqtisadi aktivliyin daha çox azalmasının qarşısını almış, iqtisadi subyektlərin gəlirlərindəki itkiləri qismən kompensasiya etməyə imkan vermişdir.
2021-ci il və ortamüddətli dövrdə ölkə iqtisadiyyatı qarşısında dayanıqlı iqtisadi artım trayektoriyasına qayıdış, növbəti 10 ildə ümumi daxili məhsulun ikiqat artımına nail olunması, yeni reallıqlar nəzərə alınmaqla dayanıqlı makroiqtisadi sabitliyin təmin edilməsi, habelə işğaldan azad olunmuş ərazilərin bərpası kimi mühüm çağırışlar var.
2021-ci ildə də Mərkəzi Bankın pul siyasəti makroiqtisadi dayanıqlığın əsas sütunlarından olan qiymət sabitliyinə yönəldiləcəkdir. Pul siyasətini həyata keçirərkən Mərkəzi Bank inflyasiyaya təsir edən başlıca xarici və daxili amilləri diqqət mərkəzində saxlayacaqdır. İnflyasiya hədəfinə nail olmaq məqsədilə monetar siyasətin effektivliyini artırmaq üçün əlavə tədbirlər görüləcəkdir.
Maliyyə sektorunun sabitliyinin təmin edilməsi, maliyyə vasitəçiliyinin, pul və kapital bazarlarının dərinləşdirilməsi istiqamətində tədbirlər davam etdiriləcəkdir. Pandemiyadan zərər çəkmiş iqtisadi subyektlərə dəstək məqsədilə requlyativ güzəştlərdən istifadə diqqətdə saxlanacaqdır.
I. 2020-Cİ İLDƏ PUL SİYASƏTİ
1.1. Pul siyasətinin həyata keçirilməsi mühiti
2020-ci il əsasən qlobal pandemiya elan edilən COVID-19 virusu ilə mübarizə şəraitində keçmişdir. Epidemioloji vəziyyətlə əlaqədar əvvəlki illərdən bəri azalmaqda olan qlobal ticarətin kəskin enişi, təchizat zəncirində pozulmalar, iş yerlərinin bağlanması və artan qeyri-müəyyənliklər qlobal iqtisadi aktivliyə mənfi təsir göstərmiş, qlobal əmtəə və maliyyə bazarları ciddi stres altında olmuşdur. Bütün bunlar Azərbaycan iqtisadiyyatına da birbaşa və dolayı təsir etmişdir. Həyata keçirilən məqsədyönlü siyasət və antiböhran tədbirləri pandemiyanın neqativ təsirlərini minimallaşdırmağa imkan vermiş, ölkədə makroiqtisadi və maliyyə sabitliyi təmin olunmuşdur.
Son bir neçə ildə gedən proseslər 2020-ci ilin mürəkkəb il olacağını gözləməyə əsas verirdi. Ticarət müharibələri və dezinteqrasiya meyilləri ilə bağlı qlobal iqtisadi aktivlikdə səngimə müşahidə edilirdi. Təsadüfi deyil ki, 2018-ci ilin sonlarından başlayaraq Beynəlxalq Valyuta Fondu (BVF) qlobal iqtisadi artıma dair proqnozunu hər növbəti hesabatda azaltmaq istiqamətində korreksiya edirdi. Neftin orta qiyməti 2018-ci ildə 72 dollar olduğu halda 2019-cu ildə 12% azalaraq 64 dollara endi.
Koronavirusun sürətlə yayılması 2020-ci ilə qlobal iqtisadi artım perspektivlərini daha da pisləşdirdi və bütün dünyada siyasət qurucuları qarşısında yeni situasiya yaratdı. BVF-nin son proqnozlarına görə 2020-ci ildə qlobal iqtisadiyyatın 4.4% kiçiləcəyi gözlənilir ki, bu da 2008-2009-cu il maliyyə böhranı dövründəki iqtisadi tənəzzül tempindən yuxarıdır. O cümlədən inkişaf etmiş ölkələr üzrə 5.8%, inkişaf etməkdə olan ölkələr üzrə 3.3% resessiya proqnozlaşdırılır. Azərbaycanın ticarət tərəfdaşı olan ölkələr üzrə resessiyanın orta hesabla 7.1% olacağı gözlənilir. Enişi yumşaltmaq üçün bir sıra ölkələrdə ev təsərrüfatlarını və biznesi dəstəkləmək üçün böyük fiskal stimul paketləri elan edilmiş, ekspansiv pul siyasəti tədbirləri həyata keçirilmişdir.
2020-ci ilin ötən dövründə dünya bazarında əmtəə qiymətləri, o cümlədən enerji qiymətləri çox dəyişkən olmuşdur. Dünya əmtəə qiymətləri cari ilin 11 ayında enerji sektoru üzrə 29% ucuzlaşmış, qeyri-enerji sektoru üzrə 10.9% bahalaşmışdır. Dünya ərzaq qiymətləri bu dövrdə 4% yüksəlmişdir.
Brent markalı neftin 2020-ci ilin ötən dövründə hər barel üçün orta qiyməti 43 ABŞ dolları olmuşdur ki, bu da 2019-cu ilin orta qiymətindən 33% aşağıdır. Pandemiya şəraitində mart ayında OPEC+ sazişində fasilə və neft təklifinin kəskin artırılması qiymət şokuna rəvac vermişdir. Aprel ayında neft qiymətləri son onilliklərin tarixi minimumlarına enmişdi. Yeni OPEC++ sazişinin bağlanması, təsirli COVID-19 peyvəndinin hazırlanması istiqamətində irəliləyişlər və ilin ikinci yarısında iqtisadi aktivliyin nisbətən bərpası gözləntiləri bu dövrdə neftin qiymətinin də bir qədər yüksəlməsinə səbəb olmuşdur.
Pandemiyanın təsirləri özünü qlobal ticarət və investisiyalarda da göstərir. Ümumdünya Ticarət Təşkilatının (ÜTT) son hesabatına əsasən 2020-ci ildə qlobal ticarətin həcminin 9.2% azalacağı proqnozlaşdırılır. Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Agentliyinin (UNCTAD) "Dünya İnvestisiya Hesabatı”na əsasən qlobal birbaşa xarici investisiyalar 2020-ci ildə 30-40%-ə qədər azalacaqdır.
Beynəlxalq konyunkturun əhəmiyyətli pisləşməsinə baxmayaraq Azərbaycanda tədiyə balansı tarazlığını qorumuşdur. 2020-ci ilin 9 ayında tədiyə balansının cari əməliyyatlar hesabında ÜDM-in cəmi 0.7%-i səviyyəsində kəsir olmuşdur. Tədiyə balansının əsas komponenti olan xarici ticarət saldosu əhəmiyyətli azalsa da müsbət zonada olmuşdur.
Ölkənin strateji valyuta ehtiyatları il ərzində demək olar ki, sabit qalmışdır. Hazırda strateji valyuta ehtiyatları 50 mlrd. ABŞ dollarını və beləliklə ümumi daxili məhsulun həcmini (ÜDM) üstələyir.
Cari ildə pandemiyanın təsiri ilə məcmu təklif və tələbin azalması baş vermişdir. Real sektor müəssisələrinin monitorinqi göstərir ki, bu ilin 11 ayında biznes inam indeksinin orta göstəricisi bütün sektorlar üzrə ötən ilin eyni dövrü ilə müqayisədə geriləmişdir. Ev təsərrüfatları arasında aparılmış sorğuya əsasən istehlakçı inam indeksi 2020-ci ildə mənfi zonaya düşmüşdür.
Dünyada və ölkəmizdə iqtisadi vəziyyətə dair qeyri-müəyyənlik, logistika zəncirində müvəqqəti pozulmalar şəraitində yanvar-noyabr aylarında iqtisadiyyata investisiya qoyuluşları ötən ilin müvafiq dövrü ilə müqayisədə 4% azalmışdır.
Məcmu tələbin komponentlərində azalma fonunda rəsmi statistikaya görə, cari ilin 11 ayında iqtisadiyyatın baza sahələri olan qeyri neft-qaz sənayesi və kənd təsərrüfatında iqtisadi artım davam etsə də, bütövlükdə ümumi daxili məhsul real ifadədə 4.3%, o cümlədən neft sektoru üzrə 6.5%, qeyri-neft sektoru üzrə 2.9% azalmışdır.
Son aylar qeyri-neft sektoru üzrə iqtisadi azalma tempi nisbətən səngisə də, məcmu buraxılış kəsiri neqativ zonada qiymətləndirilir.
Hökumətin və Mərkəzi Bankın birgə aktiv antiböhran tədbirlərinin icrası, xüsusən də pandemiyadan zərər çəkən sahələrin dəstəklənməsi tədbirləri iqtisadi aktivliyin azalmasının miqyasını dünyanın bir sıra ölkələri ilə müqayisədə əhəmiyyətli kiçiltməyə kömək etmişdir. Burada kontr-tsiklik fiskal siyasət, yumşaq monetar siyasət və makroprudensial güzəştlər başlıca rol oynamışdır. 2020-ci ilin dövlət büdcəsinə "fiskal fəza”dan istifadə etməklə aparılan dürüstləşmə həm makroiqtisadi sabitliyin, həm də iqtisadi aktivliyin dəstəklənməsi baxımından əhəmiyyətli olmuşdur.
1.2. Pul siyasəti və onun nəticələri
2020-ci ildə Mərkəzi Bankın pul siyasəti inflyasiyanın elan edilmiş hədəf daxilində (4±2%) idarə edilməsinə yönəldilmişdir. Mərkəzi Bankın pul siyasəti qərarları pandemiya şəraitində xarici və daxili mühitdən makroiqtisadi sabitliyə gələn təhdidlərin neytrallaşdırılmasına və inflyasiyanı hədəf çərçivəsində saxlamaqla məcmu tələbin kəskin enişinin qarşısının alınmasına xidmət etmişdir.
Rəsmi statistikaya görə, noyabrda illik inflyasiya 2.4% təşkil etmişdir ki, bu da hədəf diapozonunun mərkəzindən aşağıdadır. Son bir ildə istehlak səbətindəki məhsulların 8.1%-nin qiyməti dəyişməmiş, 13.3%-nin qiyməti aşağı düşmüşdür. Bahalaşan məhsulların 55%-nin qiymət artımı 2%-dən aşağı olmuşdur.
Son 12 ayda inflyasiya ərzaq məhsulları üzrə 3.9%, qeyri-ərzaq məhsulları üzrə 1.2% və xidmətlər üzrə 1.1% təşkil etmişdir. Pandemiyanın yaratdığı qeyri-müəyyənliklər fonunda istehlak və investisiya xərclərinin azalması ilə məcmu tələbin daralması başlıca antiinflyasiya amili kimi çıxış edir. Ərzaq inflyasiyasına dünya ərzaq qiymətlərinin yüksəlməsi də təsir göstərmişdir. Orta illik baza inflyasiya 2020-ci ilin 11 ayında 2% təşkil etmişdir.
2020-ci ildə xarici mühitdə baş verən proseslər, inflyasiyanın faktiki dinamikası və valyuta bazarındakı tarazlıq inflyasiya gözləntilərinin dinamikasını müəyyənləşdirən əsas amillər olmuşdur. Dekabrda ev təsərrüfatları arasında aparılmış sorğuya görə növbəti 12 ay üzrə qiymətlərin daha yüksək templə yüksələcəyini gözləyən respondentlərin xüsusi çəkisi 12% təşkil etmişdir. Qeyri-neft emal sənayesi, ticarət, xidmət sektoru, eləcə də tikinti sektoru üzrə inflyasiya gözləntiləri faktiki inflyasiyaya yaxın səviyyədə formalaşmışdır.
Ümumilikdə, inflyasiya və inflyasiya gözləntilərinə təsir göstərən amillər arasında 2020-ci ildə azaldıcı amillər üstünlük təşkil etmişdir.
Valyuta bazarında sabitliyin qorunması inflyasiyanın hədəf səviyyəsində saxlanılmasında mühüm rol oynamışdır. Cari ildə Mərkəzi Bankda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta satışlarının həyata keçirilməsi üzrə həm qrafikə uyğun, həm də qrafikdən kənar hərraclar təşkil olunmuşdur. Xarici mühitdə baş verən proseslərin dolayı təsirləri ilə yaranmış gözləntilər nəticəsində mart ayında dollarlaşma sürətlənmiş, valyuta bazarında tələb kəskin artmışdır. Lakin vəziyyətə vaxtında verilmiş reaksiya, bazar tələbatının tam ödənilməsi, olduqca mürəkkəb pandemiya şəraitində bankların mübadilə məntəqələrinin işinin effektiv təşkili, bazarla açıq kommunikasiya tez bir zamanda stabilliyə nail olmağa imkan vermişdir. Sonradan neftin dünya qiymətinin nisbi bərpası və tərəfdaş ölkələrin valyuta bazarında sabitləşmə nəticəsində gözləntilərin yaxşılaşması valyuta bazarında sabitliyi dəstəkləmişdir.
Cari ildə də manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə əsasında müəyyən edilmişdir. Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olmuşdur.
Manatın məzənnəsi ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı fərqli istiqamətlərdə dəyişmişdir. İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərmişdir. 11 ayda manatın qeyri-neft ümumi ticarət çəkili nominal effektiv məzənnəsi 8.8%, real effektiv məzənnəsi isə 6.3% bahalaşmışdır. Qeyd edək ki, 2014-cü ilin sonundan bəri real effektiv məzənnə 29.5% ucuzlaşmışdır ki, bu da qeyri-neft sektorunun rəqabət qabiliyyətinə müsbət təsir göstərən amildir.
Monetar şəraitin həm pulun dəyəri, həm də pulun kəmiyyəti hesabına yumşaldılması cari ildə də davam etdirilmişdir.
2020-ci ildə faiz dəhlizinin parametrlərinə dair qərarlar pandemiya şəraitində iqtisadi aktivliyin dəstəklənməsi prioriteti ilə makroiqtisadi sabitliyin qorunması zərurəti arasında optimal balansın saxlanılmasına xidmət etmişdir. 2020-ci ildə faiz dəhlizinin parametrləri 8 dəfə müzakirə edilmiş, uçot dərəcəsi mərhələlərlə 7.5%-dən 6.25%-ə və faiz dəhlizinin yuxarı həddi 9.25%-dən 6.75%-ə endirilmişdir. Faiz dəhlizinin aşağı həddi isə 5.75% səviyyəsində dəyişməz saxlanılmışdır. Ümumilikdə, uçot dərəcəsi 2018-ci ilin əvvəlindən bəri 2.4 dəfə (15%-dən) azalmışdır.
Manatla pul bazası ilin əvvəlindən 7.1% artmışdır. İl ərzində pul təklifinə təsir göstərən başlıca amil dövlət büdcəsinin gəlir və xərclərindən asılı olaraq formalaşan vahid xəzinə hesabının dəyişimi olmuşdur. Mərkəzi Bank tərəfindən pandemiya şəraitində iqtisadiyyata zəruri nöqtəvi likvidlik dəstəyinin göstərilməsi də pul təklifinə təsir etmişdir. Ümumilikdə, pul siyasətinin dəyər baxımından yumşaldılmağa başlanıldığı 2018-ci ilin əvvəlindən bəri pul təklifi 52% artmışdır.
Pul siyasətinin yumşaldılması Mərkəzi Bankın depozit əməliyyatları və qısamüddətli notları üzrə faiz dərəcələrinin, eləcə də dövlət qiymətli kağızlarının gəlirliyinin azalması ilə müşayiət edilmişdir. Banklararası bazarda faizlər, habelə depozit və kredit faizləri risk premiyası ilə yumşalan monetar şərait arasında tarazlaşmışdır. Ümumilikdə, 2018-ci ilin yanvarından bəri manatla yeni kreditlər üzrə orta faizlər 5.5 faiz bəndi azalmışdır. Real sektorda pandemiyanın təsiri ilə güclənən risklər faizlərin daha çox azalmasını məhdudlaşdırmışdır.
Cari ildə depozitlərin dollarlaşma səviyyəsi azalmaqda davam etmişdir. İlin əvvəlində pul aqreqatlarına daxil xarici valyutada əmanət və depozitlərin cəmi əmanət və depozitlərdə 54.9% olan xüsusi çəkisi mart ayının yekunu üzrə 56.5%-ə yüksəlsə də, sonradan tədricən azalaraq noyabrda 50.2% təşkil etmişdir. O cümlədən fiziki şəxslərin əmanətlərinin dollarlaşması noyabrın yekunu üzrə 52.7%-dir.
İqtisadiyyatda likvidliyin effektiv idarə olunması məqsədilə Mərkəzi Bank müxtəlif bazar əməliyyatlarından adekvat istifadə etmişdir. Bank sisteminin likvidlik mövqeyindən asılı olaraq Mərkəzi Bankın sterilizasiya alətlərinə tələb aylar üzrə fərqli olmuşdur. İl ərzində Mərkəzi Bank 62 depozit hərracı və 46 notların yerləşdirilməsi hərracı keçirmişdir. Pandemiyanın təsiri ilə makroiqtisadi sabitlik üzərində yaranmış təhdidlərin qarşısının alınması və valyuta bazarında tarazlığın dəstəklənməsi üçün sterilizasiya portfelinin durasiyası azaldılmışdır. Mərkəzi Bankın təşkil etdiyi hərraclarda II rübdən başlayaraq tələbin təklifi üstələməsi müşahidə olunmuş, bu alətlər üzrə gəlirlilik faiz dəhlizinin aşağı həddinə yaxınlaşmışdır.
Pul siyasətinin effektiv kommunikasiyası 2020-ci ildə də diqqətdə saxlanılmışdır. Cari ildə öncədən ictimaiyyətə açıqlanmış qrafikə uyğun olaraq Mərkəzi Bankın hər bir siyasət qərarı ilə bağlı müvafiq analitik şərhlərlə press-relizləri dərc edilmiş, müntəzəm mətbuat konfransları keçirilmişdir. Pul siyasəti icmalı rüblük əsasda ictimaiyyətə açıqlanmışdır. Mərkəzi Bankın fəaliyyəti rəsmi internet səhifəsi, habelə "Twitter”, "Youtube” sosial şəbəkələri vasitəsilə işıqlandırılmışdır. 2020-ci ilin sonunda Mərkəzi Bankın "Facebook” sosial şəbəkəsində də rəsmi səhifəsi yaradılmışdır.
1.3. Maliyyə sabitliyi və maliyyə sektorunun inkişafı
2020-ci ildə maliyyə sabitliyi siyasəti başlıca olaraq maliyyə bazarlarının və sisteminin stabilliyinin təmin olunmasına, pandemiyanın neqativ təsirlərinin minimallaşdırılmasına, əhalinin və biznesin dəstəklənməsinə yönəldilmişdir. Yaranmış vəziyyətə baxmayaraq, maliyyə vasitəçiliyinin genişləndirilməsi və maliyyə bazarlarının dərinləşdirilməsi istiqamətində işlər davam etdirilmişdir.
Cari ildə bank sektorunun sağlamlaşdırılması istiqamətində radikal addımlar atılmış, maliyyə dayanıqlığını itirmiş 4 bank sistemdən kənarlaşdırılmışdır. Hər dörd bank üzrə əhalinin əmanətlərinin verilməsi əsasən təmin edilmiş, 24 mindən çox əmanətçiyə 615 mln. manat məbləğində əmanət qaytarılmışdır.
Pandemiya ilə bağlı real sektorda yaranmış vəziyyət kredit qoyuluşlarının dinamikasına təsir göstərən əsas amil olmuşdur. Biznes subyektlərinin maliyyə resurslarına əlçatanlığının dəstəklənməsi məqsədilə Mərkəzi Bank bank ictimaiyyətinin nümayəndələri və sahibkarlarla aktiv əməkdaşlıq çərçivəsi yaratmışdır. Bağlanmış banklar nəzərə alınmadan bank sektoru üzrə 11 ayda ipoteka kreditləri 11.9%, biznes kreditləri 1% artmış, istehlak kreditləri isə 4.5% azalmışdır. İlin əvvəlindən bankların sənayeyə kredit qoyuluşu 43.3% artmış və onun biznes portfelində payı 18.4%-dən 26.1%-ə yüksəlmişdir. Bundan başqa, yüksək multiplikativ təsirə malik olan tikintiyə kredit qoyuluşları cari ilin 11 ayında 9.1% artmış və onun portfeldə payı 11.9%-ə çatmışdır.
Fəaliyyətdə olan bankların əsas resurs mənbələrindən olan əhalinin bank əmanətləri bağlanmış banklar istisna olmaqla ilin əvvəlindən dəyişməyərək 7.8 mlrd. manat təşkil etmişdir.
Pandemiyaya qarşı görülmüş sosial təcrid tədbirləri nəticəsində biznesin və əhalinin öz borclarına lazımi səviyyədə xidmət etmək imkanları zəifləmişdir ki, bu da kredit portfelinin keyfiyyətinə təsir göstərir. Bununla belə bankların portfelində problemli kreditlərin payı il ərzində birrəqəmli səviyyədə olmuş və noyabr ayının yekunu üzrə 6% təşkil etmişdir.
Bank sektorunun requlyativ tələbi əhəmiyyətli üstələyən kapital adekvatlığı ödəniş qabiliyyəti olmayan kreditorlardan yaranan itkiləri qarşılamağa kifayət edir. 2020-ci ilin 11 ayında banklar tərəfindən ümumilikdə 116.7 mln. manat məbləğində səhmdar kapital artırılmışdır.
Bank sektorunun likvid aktivləri 9 mlrd. manatdır və bank sistemi üzrə ani likvidlik əmsalı 59% təşkil etməklə, normativi (30%) 2 dəfəyə yaxın üstələyir.
Yaranmış qeyri-müəyyən şəraitə və iqtisadiyyatda resessiyaya baxmayaraq, sığorta sektorunda ilin əvvəlindən başlanmış artım davam edir. Ötən ilin müvafiq dövrünə nəzərən 11 ayda sığorta haqları 9% artmışdır. Sığorta haqları könüllü həyat sığortasında 14%, könüllü qeyri-həyat sığortasında 7%, icbari sığorta növlərində isə bütövlükdə 4% artmışdır. Sığorta sektorunun aktivlərində ciddi azalma müşahidə edilməmişdir. Hazırda sektorun kapital mövqeyi onun yüksək ödəmə qabiliyyətini təmin edir. Dövr ərzində məcmu kapitalı məqbul səviyyədə olmayan 3 sığorta şirkəti mövcud qanunvericilik çərçivəsində görülən nəzarət tədbirləri nəticəsində sektordan kənarlaşdırılmışdır. Sığortaçıların istehlakçılara münasibətdə bazar davranışları ciddi nəzarətdə saxlanmışdır. Sığorta qanunvericiliyinin təkmilləşdirilməsi, onun qabaqcıl beynəlxalq sığorta təcrübələrinə uyğunlaşdırılması, sığorta fəaliyyətinin rəqəmsallaşdırılması, peşəkar kadrların hazırlığı, sığorta istehlakçılarının maarifləndirilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir.
Kapital bazarının inkişafı, tənzimləmə və nəzarət proseslərinin səmərəliliyinin artırılması üzrə işlər cari ildə də davam etdirilmişdir. Emitentlərin və investorların kapital bazarında iştirak imkanlarının genişləndirilməsi məqsədilə stimullaşdırcı tarif rejimi yaradılmış və fond birjasında listinqi stimullaşdıran diferensial tariflər müəyyən edilmişdir. Qiymətli kağızlar bazarında istiqraz emissiya etməklə maliyyələşmə imkanlarının genişləndirilməsi üzrə hüquqi baza təkmilləşdirilmişdir. Xarici investorların ölkəmizin kapital bazarına çıxış imkanının artırılması məqsədilə beynəlxalq depozitarlarla əməkdaşlıq davam etdirilmiş, Mərkəzi Bankın IOSCO təşkilatına assosiativ üzvlüyü təmin edilmişdir. 2020-ci ilin 11 ayında keçən ilin müvafiq dövrünə nəzərən ticarət həcmi korporativ qiymətli kağızların təkrar bazarında 1.7 dəfə, repo bazarında isə 1.9 dəfə artmışdır.
Mərkəzi Bank tərəfindən pandemiya dövründə kapital bazarı iştirakçılarının dəstəklənməsi çərçivəsində requlyativ tətillər, habelə emitentlərin və investorların bazarda iştirakını dəstəkləyən tarif güzəştləri verilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin mart ayında imzaladığı müvafiq sərəncama və Nazirlər Kabinetinin təsdiq etdiyi antiböhran planına uyğun olaraq Mərkəzi Bank pandemiyadan təsirlənən əhali, biznes və maliyyə institutları üçün bir sıra tənzimləyici güzəştlər barədə qərarlar qəbul etmişdir.
Bu qərarların icrası çərçivəsində banklar tərəfindən ilin ötən dövründə 50 min borcalanın 1.2 mlrd. manat krediti restrukturizasiya edilmişdir. Restrukturizasiya olunmuş məbləğin 87%-i biznes, 9%-i istehlak, 4%-i isə ipoteka kreditlərinin payına düşmüşdür. Kredit portfelinin restrukturizasiyası Mərkəzi Bankın requlyativ yumşaltma tədbirləri ilə yanaşı, bankların öz təşəbbüsü ilə də aktiv şəkildə aparılmışdır.
Banklar tərəfindən sahibkarlıqla məşğul olan fiziki və hüquqi şəxslərə nağdsız ödənişlər üzrə xidmət haqlarına 50%-dək güzəşt tətbiq edilmişdir. İşsiz kimi qeydiyyata alınan 600 min vətəndaşa birdəfəlik ödənişlərin verilməsi üçün ən qısa müddətdə bank hesabları açılmış və ödəmə kartları təqdim edilmişdir. Bankomatlar qarşısında vətəndaş sıxlığının idarə olunması məqsədilə pensiyalar və sosial yardımların istənilən bankın bankomatından əlavə xidmət haqqı ödənilmədən əldə edilməsi imkanı yaradılmışdır.
Pandemiya şəraiti bank sektoruna, əhaliyə, biznes qurumlarına rəqəmsallaşmanın zəruriliyini bir daha sübut etdi. Cari ildə nağdsız ödəniş infrastrukturundan istifadənin genişlənməsi və banklar tərəfindən təqdim edilən innovativ ödəniş xidmətlərinin çeşidinin artırılması iqtisadi dövriyyənin ağardılması və nağd iqtisadiyyatın daralmasını dəstəkləmişdir. 11 ayda ötən ilin müvafiq dövrünə nəzərən ödəniş kartları vasitəsilə aparılan ölkədaxili nağdsız əməliyyatların həcmi 34%, təmassız ödənişlərin həcmi 5.2 dəfə, internet və mobil bankçılıq üzrə aparılan hesablaşmaların həcmi isə müvafiq olaraq 65% və 90% artmışdır.
Əhali, biznes subyektləri, dövlət qurumları arasında ödənişləri müasir dövrün tələblərinə uyğun olaraq məkanından və zamanından asılı olmayaraq 5-10 saniyə ərzində tam başa çatdırılmasına imkan verən və mobil ödəniş həllərini dəstəkləyən 24/7/365 rejimdə fəaliyyət göstərən Ani Ödənişlər Sistemi yaradılmışdır. Eyni zamanda maliyyə xidmətlərinin rəqəmsal əlçatanlığının təmin edilməsi istiqamətində aparılan digər layihə Blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması olmuşdur.
Aprel ayından başlayaraq özünüməşğulluq proqramı çərçivəsində Mərkəzi Bankın təşviqi ilə 21 bank tərəfindən həssas əhali qrupuna daxil olan 591 nəfərə 1.7 mln manatlıq istehsal və ictimai iaşə avadanlıqları, iri və xırdabuynuzlu mal-qara kimi müxtəlif aktivlər təqdim edilmişdir.
Bu proqramın əhatə dairəsinin daha da genişləndirilməsi nəzərdə tutulur.
Kənd yerlərində maliyyə resurslarına çıxışın artırılması məqsədilə Mərkəzi Bank əlaqədar qurumlarla birgə layihəyə başlamışdır. Layihə çərçivəsində kənd təsərrüfatı sahibkarlarının, xüsusən kiçik aqrobiznesin maliyyə xidmətlərinə çıxışının artırılması istiqamətində qabaqcıl təcrübəyə əsaslanan maliyyələşmə mexanizmləri işlənilir.
Real iqtisadiyyatın dayanıqlı maliyyə resurslarına çıxışının dəstəklənməsi məqsədilə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Mərkəzi Bank arasında 2020-ci ildə maksimal həddi 50 milyon ABŞ dolları olmaqla, ümumilikdə 200 milyon ABŞ dolları məbləğində svop əməliyyatlarının aparılmasına dair razılıq əldə olunmuşdur. Bu günə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə bağlanmış aktiv svop əməliyyatları 18.2 milyon dollardır.
II. 2021-Cİ İLƏ PUL VƏ MALİYYƏ SABİTLİYİ SİYASƏTİ
2021-ci ilin pul və maliyyə sabitliyi siyasəti dünyada iqtisadi aktivliyin, qlobal əmtəə və maliyyə bazarlarındakı vəziyyətin perspektivləri ilə bağlı qeyri-müəyyənliklərin yüksək olduğu bir şəraitdə formalaşdırılır. Növbəti ildə də pandemiya ayrı-ayrı ölkələrin iqtisadi dayanıqlıq potensialını sınağa çəkəcəkdir. Risklər başlıca olaraq epidemioloji vəziyyətlə əlaqədar olmaqla xarici və daxili mühitə təsir potensialını saxlayır.
Digər tərəfdən Azərbaycan iqtisadiyyatının uzunmüddətli dövrdə aşağı neft gəlirlərinə uyğunlaşması, Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə böyük bərpa və qayıdış işlərinin reallaşdırılması, habelə ölkədə növbəti 10 ildə ikiqat artıma yönələn yeni inkişaf strategiyasının sürətlə realizasiyası ilə bağlı böyük çağırışlar formalaşmışdır.
Belə bir şəraitdə 2021-ci ildə makroiqtisadi və maliyyə sektorunun stabilliyinin qorunması makroiqtisadi və makroprudensial siyasətlərin əsasını təşkil edəcəkdir.
Mərkəzi Bank makroiqtisadi və maliyyə sabitliyi vasitəsilə pandemiyadan təsirlənən iqtisadi artımın dayanıqlı əsaslarla bərpa edilməsinə dəstək verəcəkdir. Pul siyasəti növbəti ildə də qiymət sabitliyinə fokuslaşmaqla dayanıqlı iqtisadi artım üçün vacib şərtlərin təmin edilməsində mühüm rol oynayacaqdır. Maliyyə sektorunun dayanıqlığının gücləndirilməsi, maliyyə vasitəçiliyinin və maliyyə bazarlarının inkişafı istiqamətində səylər davam etdiriləcəkdir.
2.1. Makroiqtisadi proqnozlar
Mərkəzi Bank özünün pul siyasətini növbəti ildə də qlobal və daxili iqtisadi meyillər üzrə proqnozları nəzərə almaqla həyata keçirəcəkdir.
Qüvvədə qalan epidemioloji risklər və dünya iqtisadiyyatındaki ümumi qeyri-müəyyənlik 2021-ci ildə bərpa prosesinin tədrici olacağını göstərir. Ölkələrin və iqtisadi sahələrin adaptasiya imkanlarının fərqliliyi, eləcə də dəyişilmiş mühit şəraitində yeni biznes modellərinin axtarılması da bərpaya təsir edən amil olacaqdır. BVF-nin cari ilin oktyabrında açıqladığı proqnozlara görə, 2021-ci ildə qlobal iqtisadi artım 5.2% olacaqdır. İnkişaf etmiş ölkələr üzrə 3.9%, inkişaf etməkdə olan ölkələr üzrə 6% iqtisadi artım proqnozlaşdırılır. COVID-19 əleyhinə vaksinasiya prosesinin artıq başlaması bu proqnozların reallaşması ilə bağlı nikbinlik yaradır.
İqtisadi aktivliyi dəstəkləmək üçün növbəti ildə də aparıcı ölkələrdə fiskal və monetar siyasətlərin stimullaşdırıcı imkanlarından istifadə ediləcəyi gözlənilir. Dünyanın başlıca güc mərkəzlərində mərkəzi bankların kəmiyyət yumşaldılması siyasətlərinin davam etdiriləcəyi ehtimalı yüksəkdir. Aşağı faiz dərəcələri mühitinin bütün ilboyu davam edəcəyi gözlənilir.
Azərbaycanın ticarət tərəfdaşları olan ölkələrdə iqtisadi artımın 2021-ci ildə 5% təşkil edəcəyi gözlənilir. Mövcud qeyri-müəyyənliklər şəraitində tərəfdaş ölkələrin maliyyə bazarlarında yeni kəskin dəyişkənliklər dalğası istisna olunmur.
Qlobal əmtəə bazarları ilə bağlı da qeyri-müəyyənliklər yüksək olaraq qalır. Müxtəlif əmtəələr üzrə dünya qiymətlərinin fərqli istiqamətlərdə dəyişməsi istisna edilmir.
Son vaxtlarda müxtəlif əczaçılıq şirkətlərinin təhlükəsiz və təsirli COVID-19 peyvəndinin istehsalı istiqamətində irəliləyişləri neft bazarına müsbət təsir göstərib. Yenilənmiş proqnozlar 2021-ci ildə neftə olan gündəlik tələbatın artacağını göstərir. Qeyd olunanları nəzərə alaraq bir sıra analitik mərkəzlər dekabrda 2021-ci ilə neft qiyməti proqnozunu artırmaq istiqamətində dəyişmişlər. Başlıca analitik mərkəzlər üzrə 2021-ci ilə konsensus qiymət 1 barelə görə 48 ABŞ dolları səviyyəsində qiymətləndirilir. Bununla belə təklifin artımının qiymət artımını məhdudlaşdıracağı gözlənilir. Digər tərəfdən pandemiyanın texnoloji innovasiyalara verdiyi təkan da nəzərə alınmaqla neft məhsullarına tələbdə uzunmüddətli azalma meyilinin davam edəcəyi ehtimal olunur.
Pandemiya ilə bağlı təklifin azalması şəraitində dünya ərzaq qiymətlərində cari ildə başlanmış bahalaşmanın davam edəcəyi proqnozlaşdırılır. Dünya Bankının proqnozlarına görə 2021-ci ildə qiymətlərin kənd təsərrüfatı məhsulları üzrə 1.4% artacağı gözlənilir.
Qlobal iqtisadi aktivlikdə bərpa qlobal ticarətin də bərpasına müsbət təsir edəcəkdir. Ümumdünya Ticarət Təşkilatının proqnozuna görə, 2021-ci ildə qlobal ticarətin artım tempi 7.2% təşkil edəcəkdir.
Baza ssenari üzrə proqnozlar növbəti ildə Azərbaycanda xarici və daxili balans göstəricilərinin 2020-ci ilə nəzərən yaxşılaşacağını göstərir.
2021-ci ildə pandemiya ilə vəziyyət, neftin dünya bazarında qiymətinin dinamikası, OPEC++ anlaşmasının perspektivləri, ticarət tərəfdaşlarında gedən proseslər, idxalın dinamikası, Azərbaycanın xarici balansına təsir göstərən əsas amillər olacaqdır.
2021-ci ildə Azərbaycan iqtisadiyyatının real sektorunda iqtisadi aktivliyin tədricən bərpa olunacağı proqnozlaşdırılır. Rəsmi proqnozlara görə, 2021-ci ildə real iqtisadi artım tempinin baza ssenarisi üzrə 3.4%, o cümlədən qeyri-neft sektoru üzrə 3.1% olacağı gözlənilir. Xarici tələbin bərpası prosesinin başlanması, eləcə də təxirə salınmış tələb hesabına daxili tələbin bərpası iqtisadi artımın bərpası proqnozunun əsasında dayanır. Makroiqtisadi sabitliyin qorunması 2021-ci ildə iqtisadi artımın öz potensialına yaxınlaşmasına şərait yaradan əsas amillərdən biri olacaqdır. Kontr-tsiklik makroiqtisadi siyasət və işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin başlanması da 2021-ci ildə iqtisadi artımın əsas drayverlərini canlandıracaqdır. Təqdim edilmiş büdcə layihəsinə əsasən, növbəti ildə dövlət büdcəsi xərclərinin 2020-ci ilə nəzərən 3.8%, o cümlədən əsaslı xərclərin 7.9% artırılacağı proqnozlaşdırılır. Növbəti ildə "fiskal fəza”dan kontr-tsiklik olaraq istifadə olunması makroiqtisadi sabitliyin qorunması baxımından da əhəmiyyətlidir. Ortamüddətli dövrə isə yeni iqtisadi reallıqlar nəzərə alınmaqla yeni makrofiskal çərçivəyə keçid diqqətdə saxlanılmalıdır. Bundan başqa, dövlət büdcəsi kəsirinin mümkün qədər azaldılması və onun dayanıqlı qeyri-inflyasyon mənbələrlə maliyyələşdirilməsi fiskal prioritetlərdən olmalıdır.
2021-ci ildə daxili balans üzrə qeyd olunan proqnozların reallaşması makroiqtisadi siyasətin bütün istiqamətlərinin effektiv koordinasiyasından asılı olacaqdır.
2.2. 2021-ci il üzrə pul siyasətinin başlıca istiqamətləri
2021-ci ildə də pul siyasətinin prioritet məqsədini milli valyutaya inamın başlıca zəmanətçisi olan qiymət sabitliyi təşkil edəcəkdir. İnflyasiyaya təsir imkanlarını gücləndirmək istiqamətində islahatlar davam etdiriləcəkdir.
2021-ci ildə pul siyasətinin son hədəfi inflyasiyanın 4±2% dəhlizində idarə olunması təşkil edəcəkdir. Əvvəlki illərdə olduğu kimi növbəti ilə də hədəf istehlak qiymətləri indeksinin son 12 ayda dəyişimi olacaqdır.
İnflyasiya hədəfinə nail olmaq üçün pul siyasətinin aralıq hədəfləri olaraq məzənnə, pul təklifi və faiz dərəcələrindən qərarların transmissiya xüsusiyyətləri nəzərə alınmaqla istifadə ediləcəkdir.
Pul siyasəti yürüdülərkən manatın məzənnəsinin inflyasiyaya qısa və ortamüddətli ötürücülüyü diqqətdə saxlanılacaqdır. İstehlakda idxal mallarının əhəmiyyətli paya malik olması məzənnənin başlıca inflyasiya amili olmasını şərtləndirir. Növbəti ildə də valyuta bazarında tarazlıq tədiyə balansının vəziyyətindən, dövlətin valyuta tələbi və təklifindən, habelə iqtisadi subyektlərin məzənnə gözləntilərindən asılı olacaqdır. Zəruri hallarda bundan sonra da valyuta bazarında tarazlığı təmin etmək üçün hökumətlə birlikdə qabaqlayıcı tədbirlər görüləcəkdir. Valyuta tənzimlənməsinin optimallaşdırılması işləri 2021-ci ildə də diqqətdə saxlanılacaqdır.
Digər lövbər olan pul təklifi iqtisadi artım və inflyasiya proqnozları, habelə maliyyə bazarlarında proseslər nəzərə alınmaqla tənzimlənəcəkdir.
Hədəflərə nail olmaq üçün perspektivdə də Mərkəzi Bank bütün alət və mexanizmlərdən adekvat istifadə edəcək, verdiyi siyasət qərarlarının ardıcıllığı və effektivliyini diqqətdə saxlayacaqdır. Pul siyasəti alətləri üzrə kəmiyyət parametrləri növbəti ildə də iqtisadiyyatın likvidlik ehtiyaclarından və maliyyə bazarlarındakı vəziyyətdən asılı olaraq çevik tənzimlənəcəkdir. Pul siyasətinin transmissiya effektini gücləndirmək, habelə pul bazarının aktivləşməsini və gəlirlik əyrisinin formalaşmasını dəstəkləmək üçün əməliyyat prosedurlarının təkmilləşdirilməsi davam etdiriləcəkdir.
Faiz dəhlizinin parametrləri haqda qərarlar makroiqtisadi proqnozlar və risk balansı nəzərə alınmaqla qəbul ediləcəkdir. Pul siyasətinin izafi yumşalmasının mümkün neqativ nəticələri nəzərə alınmaqla risklərin qiymətləndirilməsi zamanı konservativ mövqe saxlanılacaqdır. 2021-ci ilin ilk rübündə inflyasiyaya azaldıcı təsir göstərən amillərin üstünlüyünü qoruyacağı gözlənilir. Bu dövrdə dünya ərzaq qiymətlərində bahalaşma və epidemiya əleyhinə xərclərin artması məcmu tələbin azalması hesabına neytrallaşa bilər. Ortamüddətli dövr üzrə isə məcmu tələbin və beləliklə iqtisadi artımın bərpası inflyasiya proseslərinə təsir edən başlıca amillərdən biri olacaqdır. Manatın məzənnəsinin sabitliyinin qorunması həm qısa, həm də ortamüddətli dövrdə makroiqtisadi sabitliyin əsas lövbəri rolunda çıxış edəcəkdir.
Risk balansını və qeyri-monetar faktorların təsir potensialını nəzərə almaqla inflyasiyanın hədəfdə saxlanılması növbəti ildə də əhəmiyyətli dərəcədə iqtisadi siyasətin bütün istiqamətləri, xüsusilə fiskal və monetar siyasət üzrə effektiv koordinasiyadan asılı olacaqdır. Digər tərəfdən ölkədə həyata keçirilən struktur-institusional islahatlar rəqabət mühitini yaxşılaşdırmalıdır ki, bu da dayanıqlı qiymət sabitliyi üçün əhəmiyyətlidir.
Mərkəzi Bank inflyasiyaya təsir imkanlarının yüksəldilməsi istiqamətində fəaliyyətini 2021-ci ildə də davam etdirəcəkdir. Pul siyasətinin strateji çərçivəsinin təkmilləşdirilməsi, transmissiyada faiz kanalının gücləndirilməsi şərtlərinin realizasiyası xüsusi diqqətdə saxlanılacaqdır. Yeni bank qanunvericiliyi də Mərkəzi Bankın bütün istiqamətlərdə fəaliyyətinin institusional əsaslarını qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırmaqla onun başlıca mandatı olan qiymət sabitliyinə təsirini gücləndirəcəkdir.
Effektiv kommunikasiya və şəffaflığın yüksəldilməsi 2021-ci ildə də diqqətdə saxlanılacaqdır. Kommunikasiyada məqsəd iqtisadi subyektlərdə adekvat gözləntilər formalaşdırmaqla onların davranışına təsir göstərməkdən ibarət olacaqdır. 2021-ci ildə də öncədən ictimaiyyətə açıqlanmış qrafikə uyğun olaraq (Əlavə 1) Mərkəzi Bankın hər bir siyasət qərarı ilə bağlı müvafiq analitik şərhlərlə press-relizləri dərc ediləcək, müntəzəm mətbuat konfransları keçiriləcəkdir. Beynəlxalq səviyyədə mərkəzi banklar üçün qəbul edilmiş şəffaflıq prinsiplərinin tam tətbiqi istiqamətində səylər gücləndiriləcəkdir.
2.3. 2021-ci ildə maliyyə sektorunun inkişafının prioritet istiqamətləri
2021-ci ildə maliyyə sektoru üzrə siyasət maliyyə sabitliyinin qorunması, pandemiyadan təsirlənən iqtisadi subyektlərə dəstək, habelə maliyyə vasitəçiliyinin və bazarlarının dərinləşdirilməsi kimi istiqamətlərə yönəldiləcəkdir. Bütün bunlar maliyyə sektorunun iqtisadi artımda rolunu daha da yüksəltməlidir.
Maliyyə sabitliyinin qorunması istiqamətində, ilk növbədə, bank nəzarəti çərçivəsinin təkmilləşdirilməsi, risk əsaslı və kontr-tsiklik prudensial tənzimləmənin tətbiqi davam etdiriləcəkdir. Prudensial tənzimləmə çərçivəsi sistem risklərinin önləyici qaydada aşkar edilməsinə və preventiv tədbirlərin görülməsinə imkan verəcəkdir. Kredit təşkilatlarının risklərin idarə edilməsi üzrə daxili potensialının yüksəldilməsi, banklarda korporativ idarəetmə standartlarının tətbiqi üzrə səylər gücləndiriləcəkdir. Beynəlxalq standartlara uyğun requlyativ çərçivə və banklarda təkmil risk idarəetməsi sektorun sağlamlığını dəstəkləyəcəkdir.
Əmanətlərin sığortalanması mexanizminin yeni çərçivəsinə dair yeni strategiyanın 2021-ci ildə reallaşdırılması bank sektoruna etimadı qoruyacaqdır. Strategiya fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin dəyişdirilməsilə yanaşı, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bank hesablarında olan vəsaitlər üzrə kompensasiya məbləğinin müəyyənləşdirilməsini və notariusların depozit hesablarında qalmış fiziki şəxslərə məxsus pul vəsaitlərinin tam məbləğdə sığortalanmasını nəzərdə tutur. Nəzərdə tutulan dəyişikliklər əmanətçilərin mütləq əksəriyyətinin əmanətinin tam qorunmasına, banklarda risk idarəetməsinin təkmilləşdirilməsinə, bazar intizamı və rəqabət mühitinin gücləndirilməsinə, beləliklə bank sisteminin dayanıqlığının və əmanətçilərin mənafelərinin etibarlı qorunmasına imkan verəcəkdir.
Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi sisteminin gücləndirilməsi və əhalinin maliyyə savadlılığının yüksəldilməsi istiqamətində fəaliyyət davam etdiriləcəkdir.
Pandemiyadan zərər çəkmiş iqtisadi subyektlərə dəstək məqsədilə tətbiq olunan requlyativ güzəştlərin zərurət olduqda vaxtının uzadılması və vəziyyətdən asılı olaraq modifikasiyası diqqətdə saxlanılacaqdır. Bu tədbirlər borcalanların maraqlarının müdafiəsinə, kreditləşmənin saxlanılmasına və maliyyə sektorunun stabil fəaliyyətinə istiqamətlənəcəkdir.
Maliyyə-bank sektorunun dərinliyinin artırılması istiqamətində fəaliyyət gücləndiriləcəkdir. Bankların strategiyalarında biznes kreditləşməsinə diqqətin artırılması 2021-ci ildə də təşviq olunacaqdır. Banklararası pul bazarının aktivləşdirilməsi banklar arasında resurs axınının sürətləndirilməsinə və beləliklə biznesin maliyyə resurslarına tələbatının ödənilməsinə xidmət edəcəkdir.
Regionlarda maliyyəyə çıxışın yaxşılaşdırılması xüsusi diqqətdə saxlanılacaqdır. İşğaldan azad edilmiş rayonlarda bank-maliyyə infrastrukturunun yaradılması qayıdış planlarının mühüm tərkib hissəsi olacaqdır.
İpoteka kreditləşməsinin bazar mexanizmləri vasitəsilə genişləndirilməsi ölkədə əmlak-tikinti sektorunun inkişafında mühüm rol oynayacaqdır. Bu istiqamətdə yığım-tikinti bankının yaradılması məsələsinə baxılacaqdır.
Maliyyə inklüzivliyinin genişlənməsi məqsədilə maliyyə xidmətlərinin rəqəmsallaşdırılması və "fintex”lərdən istifadə təşviq ediləcəkdir. Növbəti ildə də nağdsız ödəniş infrastrukturundan istifadə imkanlarının genişləndirilməsi və banklar tərəfindən innovativ ödəniş alətlərinin tətbiqi diqqətdə saxlanılacaqdır.
Sığorta sektorunda effektiv tənzimləmə və nəzarətin gücləndirilməsi, sığortanın əhatəsinin genişləndirilməsi ilə maliyyə bazarlarının digər seqmentlərinin inkişafına əlavə impulslar verilməsi vacib prioritetlərdən olacaqdır. Sektorun maliyyə sabitliyinin, başqa sözlə onun yüksək ödəmə qabiliyyətliyinin daim təmin olunması üçün risk əsaslı tənzimləmə və nəzarət çərçivəsinin qurulması diqqətdə saxlanılacaqdır. Beynəlxalq baza prinsipləri əsasında sığorta qanunvericiliyinin təkmilləşdirilməsi, sığorta sahəsində maarifləndirmə və təbliğat, peşəkar kadr bazasının gücləndirilməsi, sığorta fəaliyyətinin rəqəmsallaşdırılması istiqamətlərində başlanılmış layihələrin icrası geniş miqyasda davam etdiriləcəkdir.
Kapital bazarının inkişafına dair tədbirlər müvafiq strategiya çərçivəsində hüquqi bazanın təkmilləşdirilməsi, müasir bazar infrastrukturunun formalaşdırılması, bazarda iştirakın stimullaşdırılması və nəzarət çərçivəsinin beynəlxalq standartlara uyğunlaşdırılması həyata keçiriləcəkdir. Kapital bazarında hüquqi çərçivənin təkmilləşdirilməsi istiqamətində sekyuritizasiya prosesi, törəmə maliyyə alətləri və repo bazarı üzrə beynəlxalq standartlara uyğun requlyativ çərçivəsinin yaradılması, eləcə də maliyyə vasitəçiliyinin təkmilləşdirilməsi və beləliklə də bazarda yeni və daha mürəkkəb alət və xidmət növlərinin bazara təqdim edilməsi ilə kapital bazarının dərinliyinin artırılmasına dəstək olacaqdır. Kapital bazarında əməliyyat mühitinin təkmilləşdirilməsi üzrə müasir standartlara cavab verən mərkəzləşdirilmiş ticarət sisteminin qurulması, eyni zamanda qiymətli kağızların qeydiyyatı prosesinin elektronlaşdırılması üzrə görüləcək işlər emitentlərin və investorların bazara çıxış imkanının əhəmiyyətli dərəcədə genişləndirilməsini təmin edəcəkdir.
Maliyyə sektorunun modernizasiyası üzrə nəzərdə tutulan irimiqyaslı tədbirlərin həyata keçirilməsi beynəlxalq əməkdaşlıqla hazırlanmış xüsusi proqramlarla təmin ediləcəkdir. "McKinsey” ilə birgə hazırlanan proqram çərçivəsində maliyyə inklüzivliyinin dərin diaqnostikası aparılacaq, müvafiq strategiya və konkret fəaliyyət planı hazırlanacaqdır. Maliyyə sektorunun hərtərəfli və dərin diaqnostikasının aparılması üçün Dünya Bankı ilə FSAP İnkişaf Modulu Proqramı çərçivəsində əməkdaşlığa başlanmışdır. Kapital və sığorta sektorlarının inkişafı üzrə də beynəlxalq ekspertlərin iştirakı ilə spesifik proqramlar hazırlanıb və onların icrasına başlanılıb.
Maliyyə sektorunun başlıca ekosistem problemlərinin həlli üçün hökumətlə sıx koordinasiya təmin olunacaqdır. İqtisadi dövriyyənin ağardılması, makro-fiskal çərçivənin dayanıqlığının gücləndirilməsi, rəqabət mühitinin yaxşılaşdırılması və s. istiqamətlərdə islahatlar maliyyə sektorunun da fəaliyyətinə müsbət təsir edəcəkdir.
Yekun
2020-ci ildə həyata keçirilən effektli monetar və prudensial siyasət ölkədə makroiqtisadi və maliyyə sabitliyini təmin etməyə imkan vermiş, bu istiqamətdə cari ilə müəyyən edilmiş başlıca hədəflərə nail olunmuşdur. Aşağı inflyasiya, milli valyutanın alıcılıq qabiliyyətinin qorunması, maliyyə sektorunun bütün seqmentlərində sabitlik və inkişaf cari ilin başlıca nəticələrindəndir.
2021-ci ildə də milli iqtisadiyyatda makroiqtisadi sabitliyin daha da dərinləşdirilməsi, iqtisadi artım trayektoriyasına qayıdış və iş yerlərinin bərpası, bu hədəflərin reallaşdırılması üçün ölkədə həyata keçirilən makroiqtisadi siyasətin effektli koordinasiyası diqqət mərkəzində olacaqdır. Maliyyə sabitliyinin qorunması, sektorun bütün seqmentlərində inkişaf və dərin islahatlar, maliyyə dərinliyinin və inklüzivliyinin yüksəldilməsi növbəti ilə maliyyə siyasətinin başlıca prioritetləri kimi müəyyənləşdirilmişdir.
Əlavə 1
Pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafiki
2021-ci ildə faiz dəhlizinin parametrlərinə dair qərarlar 8 dəfə olmaqla aşağıdakı qrafiklə ictimaiyyətə təqdim ediləcəkdir:
* 29 yanvar
* 19 mart
* 30 aprel
* 18 iyun
* 30 iyul
* 17 sentyabr
* 29 oktyabr
* 17 dekabr
Qeyd olunan tarixlərdən 29 yanvar, 30 aprel, 30 iyul və 29 oktyabr tarixlərində qərarın açıqlanması mətbuat konfransı ilə müşayiət olunacaqdır