Azərbaycanda gələn il yığım-tikinti bankı yaradıla bilər
Azərbaycanda gələn il maliyyə-bank sektorunun dərinliyinin artırılması istiqamətində fəaliyyət gücləndiriləcək.
ENA.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.
Sənəddə həmçinin deyilir ki, bankların strategiyalarında biznes kreditləşməsinə diqqətin artırılması 2021-ci ildə də təşviq olunacaq. Banklararası pul bazarının aktivləşdirilməsi banklar arasında resurs axınının sürətləndirilməsinə və beləliklə biznesin maliyyə resurslarına tələbatının ödənilməsinə xidmət edəcək.
Regionlarda maliyyəyə çıxışın yaxşılaşdırılması xüsusi diqqətdə saxlanılacaq. İşğaldan azad edilmiş rayonlarda bank-maliyyə infrastrukturunun yaradılması qayıdış planlarının mühüm tərkib hissəsi olacaq.
İpoteka kreditləşməsinin bazar mexanizmləri vasitəsilə genişləndirilməsi ölkədə əmlak-tikinti sektorunun inkişafında mühüm rol oynayacaq. Bu istiqamətdə yığım-tikinti bankının yaradılması məsələsinə baxılacaq.
Maliyyə inklüzivliyinin genişlənməsi məqsədilə maliyyə xidmətlərinin rəqəmsallaşdırılması və "fintex”lərdən istifadə təşviq ediləcək. Növbəti ildə də nağdsız ödəniş infrastrukturundan istifadə imkanlarının genişləndirilməsi və banklar tərəfindən innovativ ödəniş alətlərinin tətbiqi diqqətdə saxlanılacaq.