"Yelo Bank"a yeni sədr təyin olundu
"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə yeni təyinat olub. Bankın Müşahidə Şurasının qərarına əsasən, bu vəzifəni Anar Həsənov tutacaq və 5 yanvar 2021-ci il tarixindən fəaliyyətə başlayacaq. Hazırda və bu ilin sonuna qədər A.Həsənov "Access Bank" QSC-nin İdarə Heyətinin sədridir.
Daha əvvəl "Yelo Bank"da bu vəzifəni bankda fəaliyyətini bu ilin oktyabrında dayandırmış Nikoloz Şurqaia tuturdu. Hazırda İdarə Heyəti sədrinin vəzifələrini müvəqqəti olaraq Emil Duşdurov, İdarə heyətinin üzvü və bankın maliyyə üzrə baş direktoru icra edir.
“Yelo Bank rebrending prosesini uğurla yekunlaşdırır və yeni inkişaf strategiyasını reallaşdırır. Son il ərzində Yelo Bankda rebrendinglə bərabər köklü dəyişikliklər də edilir. Bu özünü müştərilərə xidmət səviyyəsində, təklif olunan məhsul və xidmətlərdə, biznes proseslərdə olduğu kimi, komandanın peşəkar kadrlar ilə gücləndirilməsində də göstərir. Xüsusi qeyd etmək istəyirəm ki, təcrübəli və uğurlu idarəçilərin, öz sahələrinin peşəkarlarının cəlb olunması ilə biz çox güclü top-menecmentin yaradılmasına nail ola bilmişik. Tam əminliklə demək olar ki, bu baxımdan bizdə bu günə bazarda olan ən yaxşı komandalardan biri formalaşıb və onlarla bank qoyulan tapşırıqları uğurla həyata keçirir. Şadıq ki, bu komandaya tezliklə bank sahəsində öz sözünü demiş daha bir peşəkar rəhbərlik edəcək. Anar Həsənovun idarəçilik təcrübəsi və biliklərinin Yelo Bankın transformasiya prosesinin sürətlənməsinə əhəmiyyətli töhfə verəcəyindən və onun gələcək inkişafına dəstək olacağından əminik”, - Müşahidə Şurasının sədri Marina Kulişova yeni təyinatı şərh edib.
A.Həsənov bank sahəsində zəngin təcrübə və yüksək işgüzar nüfuza malikdir. Belə ki, bankir karyerasını "Access Bank"ın yarandığı vaxtdan, 2002-ci ildən başlayıb və 18 ildən artıq uğurla orada çalışır. Mikro, KOB və pərakəndə biznesləri sahələrində fərqli idarəedici vəzifələrdə işləyərək, 2007-ci ildən "Access Bank"ın İdarə Heyətinə daxil olub, 2018-ci ilin iyun ayından isə bankın İdarə Heyətinin sədridir.