İnşaat və əmlak

“Qırmızı Körpü” sərhəd keçid məntəqəsinə çəkiləcək beynəlxalq əhəmiyyətli yolun tikintisi təxirə salınıb

Gürcüstan ilə Azərbaycan arasındakı əsas avtomobil yolunun bir hissəsinin - Rustavidən “Qırmızı Körpü” sərhəd keçid məntəqəsinə qədər olan sahənin tikintisi təxirə salınıb.

Bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri vəzifəsini icra edən Maya Tskitişvili parlamentdəki çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, koronavirus pandemiyasının yaratdığı problemlər səbəbindən hökumət bir sıra vacib layihələrin icrasını təxirə salıb. Hazırda mövcud olan maliyyə resurslarının çatışmazlığı səbəbindən Şərq-Qərb (E60) beynəlxalq avtomobil magistral yolunun ölkə ərazisindən keçən bu hissəsində (Rustavi-“Qırmızı Körpü”) yolun tikintisi təxirə salınıb.

M.Tskitişvili deyib: “Gələn il icrasına başlanıla biləcək digər bir sıra layihələrin də icrası təxirə salınır. Rustavi-“Qırmızı Körpü” və Rustavi-Sadaxlı yol hissələri də bu layihələrdəndir. Bu layihələrə 2023-cü ilə qədər start verə bilməyəcəyik. Layihələrin həyata keçirilməsinə hazır olsaq da, maliyyə və fiskal çərçivə buna imkan vermir”.

Qeyd edək ki, ötən ilin fevralında Rustavi-“Qırmızı Körpü” və Rustavi-Sadaxlı magistral yollarının inşası ilə bağlı Avropa İnvestisiya Bankı Gürcüstana 250 milyon avro həcmində kredit ayırıb. Tikinti işlərinin 2023-cü ilədək başa çatdırılması planlaşdırılmışdı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)