Rəsmi

312 işçisi olan Agentlik yaradılır - FƏRMAN

Prezident İlham Əliyev "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Fərman imzalayıb.

"BI" xəbər verir ki, Fərman ilə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Nizamnaməsi”, “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin strukturu”, “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı” və “DOST” mərkəzlərində xidmət göstərilməsi Qaydası” təsdiq edilib. 

Fərmanda qeyd edilir ki, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) nizamnamə fondu 10 milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

DOST Agentliyinin aparatının işçilərinin say həddi 312 ştat vahididir.

“DOST” mərkəzləri işçilərinin say həddini, onların göstərdiyi xidmətlərin həcmi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edir.

DOST Agentliyinin, o cümlədən “DOST” mərkəzlərinin saxlanma xərcləri və fəaliyyəti aşağıdakı mənbələrdən maliyyələşdirilir:

-dövlət büdcəsi;

-fəaliyyətindən əldə edilən gəlir;

-işsizlikdən sığorta fondunun büdcəsi;

-Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsi (bundan sonra – Dövlət Sosial Müdafiə Fondu);

-Azərbaycan Respublikasının Əmək Məcəlləsinin, “Məşğulluq haqqında” və ”İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası qanunlarının pozulmasına görə tətbiq olunan cərimələrdən, habelə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən tətbiq edilən maliyyə sanksiyalarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabına köçürülən vəsaitdən ayırmalar;

-kreditlər, qrantlar, ianələr;

-qanunla qadağan olunmayan digər mənbələr.

Fərmanda deyilir:

 Azərbaycan Respublikasının Nazirlər Kabineti:

- “DOST” mərkəzlərində ödənişli xidmətlər göstərilməsinin qanuni əsaslarına dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

- “DOST” mərkəzlərinin nümunəvi nizamnaməsi”ni Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etsin;

- mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və icra vəziyyəti barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

-bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

-Agentliyin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi və strukturu təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin;

-“DOST” mərkəzləri publik hüquqi şəxslərin yaradılmasını təmin etsin;

-“DOST” mərkəzlərində göstərilən xidmətlərin Nazirliyin aidiyyəti qurumları ilə əlaqəli şəkildə həyata keçirilməsinə dair inzibati reqlamenti üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

-Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə “DOST” mərkəzlərinin yaradılması ilə bağlı tədbirlərin hər il üçün tərtib edilən Dövlət İnvestisiya Proqramında nəzərdə tutulması üçün tədbirlər görülməsini təmin etsin;

-Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə Agentliyin, habelə “DOST” mərkəzlərinin sayı və göstərdiyi xidmətlərin həcmi nəzərə alınmaqla, onların saxlanılması ilə bağlı xərclərin hər il üçün tərtib edilən dövlət büdcəsində, işsizlikdən sığorta fondunun büdcəsində, Dövlət Sosial Müdafiə Fondunun büdcəsində nəzərdə tutulması ilə bağlı tədbirlər görülməsini təmin etsin;

-strukturuna daxil olan qurumların fəaliyyətinin təkmilləşdirilməsi, maddi–texniki bazasının və işçilərinin əməyinin stimullaşdırılmasının gücləndirilməsi barədə təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

-bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department