Qarabağ

Məcburi köçkünlər geri qayıtdıqdan sonra torpaq bölgüsü necə aparıla bilər? - Komitə Sədri Açıqladı

44 günlük II Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı və ölkəmizin ərazi bütövlüyü təmin edildi. Artıq işğaldan azad edilmiş ərazilərdə minalardan təmizlənmə, yolların çəkilməsi və digər işlər həyata keçirilir və məcburi köçkünlərin geri qaytarılmasına hazırlıq işləri aparılır. Lakin bəllidir ki, 27-28 illik işğaldan azad olunmuş rayonların əhalisi bu illər ərzində xeyli artıb. Bu baxımdan, həmin rayonların əhalisi geri qayıdarkən onlar üçün torpaq sahələrinin hansı qaydada verilməsi maraq doğurur.

ENA.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin Aqrar siysət komitəsinin sədri Tahir Rzayev bu məsələdə heç bir problemin olmayacağını bildirib. Onun sözlərinə görə, həmin rayonlar işğal olunan zaman xüsusi mülkiyyətində torpaq sahəsi olan insanların torpaqları sözsüz ki, özlərinə veriləcək:

“Bu məsələ məlumdur. Həmin insanlar gedib öz torpaqlarına sahib olacaqlar. Həmin ərazilərdə dövlət mülkiyyətində olan torpaq sahələri də var və dövlət bu torpaq sahələrindən artan əhaliyə pay torpaqları verə bilər.

Sözsüz ki, həmin ərazilərdə bələdiyyələr də olmalıdır. Həmin bələdiyyələrə də dövlət torpaqlarından sahələr ayrıla bilər. Azərbaycanda aparılmış aqrar islahatların şərtlərinə uyğun hər kəsə torpaq sahələri ayrılacaq. Ancaq ola bilər ki, bəzi rayonlarda əhaliyə torpaq sahələri az düşsün, bəzi rayonlarda çox. Misal üçün, Ağdamın əhalisi çox, ərazisi kiçikdir, lakin Kəlbəcərin ərazisi Ağdamdan böyük, əhalisi isə azdır. Belə olan halda ola bilər ki, ayrı-ayrı rayonlarda insanlara düşən torpaq sahələrinin həcmində fərq olsun. Ancaq bütün hallarda əhalinin hamısına pay torpaq sahələri ayrılacaq”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)