Çin bərk məişət tullantılarının idxalını dayandırır
Çin təkrar emal üçün xammal rolunu oynayan bərk məişət tullantılarının idxalını 2021-ci ildən tam dayandıracaq.
Çinin ekologiya və kommersiya nazirliklərinin, Baş Gömrük Administrasiyasının birgə bəyanatına əsasən, yanvarın 1-dən etibarən həm də Çin ərazisindən xaricdən məişət tullantılarının toplanması, utilizasiyası da qadağan olunacaq. Bu qərar, bərk məişət tullantılarının idxalının mərhələli şəkildə azaldılması ilə bağlı 2017-ci ildə başladılan prosesin zirvəsidir. Çin həmin ilin sonunda çeşidlənməmiş kağız və tekstil tullantıları da daxil olmaqla 24 növ tullantının idxalını dayandırmışdı.
Qeyd edək ki, Çin 1980-ci illərdən xammal ehtiyatı kimi bərk məişət tullantılarının idxalına başlayıb və uzun illər dünyanın bu sahədə lider idxalçısı olub. Bəzi şirkətlərin vəziyyətdən yararlanaraq böyük məbləğdə qazanc əldə etmək üçün bərk məişət tullantılarının qanunsuz idxalı ilə məşğul olması ölkədə ekologiyaya və insanların sağlamlığa ziyan vurub. Son illər ekoloji vəziyyətlə bağlı çoxalan ictimai qınaqlar və Çinin “yaşıl” inkişaf səyləri fonunda bərk məişət tullantılarının idxalı ildən ilə azalıb. Belə ki, 2018-ci ildə 22,63 milyon ton tullantı idxal edilmişdisə, ötən il bu rəqəm 13,48 milyon ton olub