Qarabağ

İşğaldan azad olunmuş ərazilərdə yol infrastrukturu necə olacaq? – RƏSMİ

İşğal altında olmuş həm respublika, həm də yerli əhəmiyyətli bütün yollar (2661 kilometr) tam təmir olunacaq və tikiləcək.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, Ağdam istiqamətində heç bir yol-tikinti işi aparılmır, yalnız Ağdama aparan yolun bir hissəsi təmir edilib.

O əlavə edib ki, indi işğaldan azad edilmiş bəzi rayonlarda yol infrastrukturunun bərpası üzrə layihələr hazırlanır:

“Bu gün Azərbaycan Prezidentinin tapşırığına əsasən, agentliyimiz Suqovuşana, Suqovuşandan Talış kəndinədək yolun, eləcə də Füzuli-Şuşa yolunun tikintisi ilə məşğuldur”.

Mətbuat xidmətinin rəhbəri azad edilmiş ərazilərə aparan R19, R29, R33 respublika əhəmiyyətli yolları xüsusi qeyd edib:

“Gəncədən Kəlbəcər və Laçına R19 yolu çəkiləcək. R29 yolu Bərdədən Tərtərə, Tərtərdən Kəlbəcərə aparacaq. Daha bir yol, R33 Ağcabədidən başlayır və Hindarx-Ağdam marşrutu ilə davam edir”.

A.Nəcəfli bildirib ki, Hacıqabul-Bəhramtəpə-Horadiz-Mincivan-Ermənistan sərhədi yolunun tikintisi nəzərdə tutulur. Hazırda agentlik Horadiz-Mincivan-Ermənistan sərhədi hissəsi ilə bağlı plan hazırlayır və bu plan digər dövlət strukturları ilə razılaşdırılmalıdır.

O əlavə edib ki, bu yol vasitəsilə Cəbrayıl, Qubadlı və Laçın rayonlarına da getmək mümkün olacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)