Hadisə

“AG Bank”ın vəzifəli şəxsi Azərbaycana ekstradisiya olundu

AG Bank”ın vəzifəli şəxsi Ukraynadan Azərbaycana ekstradisiya olunub.

Baş Prokurorluqdan verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Həmidov Namiq Ramiz oğlunun – 2012-2016-cı illər ərzində vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib “AG Bank” ASC-nin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla əməlləri ağır nəticələrə səbəb olmasına, tamah niyyəti ilə informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətməsinə, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş külli miqadarda özgə əmlakını mənimsəmə yolu ilə talamasına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin, Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Cahangirov Vüsal Tahir oğlu – 18.07.2018-ci il tarixdə Sumqayıt şəhərində aralarında baş vermiş münaqişə zamanı Kərimov Renat Kərəm oğluna qəsdən bıçaqla ağır dərəcəli bədən xəsarəti yetirib.

Qeyd edilən şəxslər barəsində beynəlxalq axtarış elan edilib.

Axtarışda olan şəxslərin yerlərinin müəyyən edilməsi əsası ilə Azərbaycan Baş Prokurorluğunun Ukraynanın Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə Vüsal Cahangirov və Namiq Həmidov Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin vasitəçiliyi və Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya ediliblər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)