Hacıqabulda yük avtomobili və avtobus istehsalı zavodunun inşası yekunlaşıb
İqtisadiyyat Nazirliyinin Hacıqabul Sənaye Məhəlləsində ötən ilin fevral ayında əsası qoyulmuş yük avtomobili və avtobus istehsalı zavodunun inşası başa çatıb.
Bu açıqlamasında “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov bildirib.
Onun sözlərinə görə, hazırda zavodda istehsal üçün lazım olan avadanlıqlar quraşdırılır: “Yaxın zamanda zavod istismara tam hazır olacaq. Burada aşağı tonnajlı (5 tona qədər) yük avtomobilləri və kiçik həcmli sərnişin avtobuslarının istehsalını nəzərdə tuturuq”.
“Azərmaş” sədri adı çəkilən Məhəllədə yeni zavodun tikintisi üçün hazırlıq aparıldığını da qeyd edib: “Birinci zavodla bağlı işlər tam yekunlaşdıqdan sonra onun yanında ikinci zavodun tikintisinə başlamağı düşünürük. Yeni zavodda isə ağır tonnajlı (5 tondan artıq) yük avtomobillərinin və iritutumlu sərnişin avtobuslarının istehsalı nəzərdə tutulub”.
Hacıqabul Sənaye Məhəlləsi ölkə przidentinin 25 iyul 2017-ci il tarixli sərəncamı ilə yaradılıb. İnvestisiya dəyəri 62 milyon manat olan bu obyekt Qafqazın ən böyük sənaye məhəlləsidir.