“Cəsədləri qəbul etməsələr, mən heç bilmirəm nə edək?!”
"Artıq çoxdandır ki, həlak olanların cəsədlərinin və hərbi əsirlərin dəyişdirilməsi barədə söhbət gedir. Prinsip etibarilə bu mövzu Moskvada səslənib. Bu ayın 10-da humanitar mülahizələrə əsasən biz Beynəlxalq Qırmızı Xaç Komitəsinə dəfələrlə müraciət etmişik ki, gəlin, mübadiləni təşkil edək. Özü də, tam təfərrüatı ilə deyim, mən həlak olmuş erməni hərbçilərinin cəsədləri barədə tapşırıq vermişəm ki, onları maksimum dərəcədə refrijiratorlarda (soyuducularda), soyuq yerlərdə saxlasınlar, biz hamımız bilirik, insanların cəsədləri qalanda nə hala düşür".
"ENA" xəbər verir ki, bunu Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, hər dəfə erməni tərəfi imtina edir:
"Hər dəfə bəhanələr gətirirdilər ki, gəlin, bunu döyüşlər gedən yerdə edək. Başa düşürsünüzmü, bu, mübadiləni aparacaq insanların, mülki şəxslərin həyatını təhlükə altına qoymaq deməkdir. Biz deyirik yox, axı, bizim dövlət sərhədimiz var. Gəlin, bunu Tovuz rayonunda, Qazax rayonunda edək. Gəlin, orada edək. Deyirlər, yox, yalnız burada. Buna görə dünən mən qərar qəbul etmişəm ki, Ermənistanın həlak olmuş hərbi qulluqçularının cəsədlərinin çox hissəsi birtərəfli qaydada Ermənistana verilsin. Üstəgəl daha iki mülki şəxsi – bu ahıl insanları da verəcəyik. Dünən biz bunu etməyə çalışdıq, onları maşınlarla sərhəd tərəfə yola saldıq. ATƏT-in ofisini, Qırmızı Xaç Komitəsini bu işə cəlb etdik, lakin erməni tərəfi onları qəbul etmir. Onlar həlak olmuş insanlarının cəsədlərini qəbul etmirlər. Ümumiyyətlə, bu, nə deməkdir, bunu necə izah edəsən? Ümumiyyətlə, bu, hansı insani əxlaq normalarına sığır? Biz hər halda cəsədləri verəcəyik. İndi mülki şəxslərin və həlak olanların cəsədlərinin Gürcüstan ərazisindən çatdırılması üzərində işləyirik. Əgər onlar bu cəsədləri qəbul etməsələr, mən heç bilmirəm nə edək?! Görün, biz kiminlə vuruşuruq. Başa düşürsünüz? Bunu hamı başa düşməlidir. Onların bütün saxta, yalvarış dolu bəyanatlarını da. Onların ah-vayı, ağlamaları – bunlar hamısı yalançı göz yaşlarıdır. Biz onları yaxşı tanıyırıq. Buna görə Rusiya ictimaiyyəti onların yalanlarına, böhtanlarına aldanmamalıdır. Bəli, aydındır ki, onlar Rusiya Federasiyasında inteqrasiya ediblər. Təkcə orada yox, Fransada da, Amerikada da. Onlar mediada da yer tutub, ictimai fon yaradırlar. Lakin insanlar bizim kiminlə vuruşduğumuzu başa düşməlidirlər. Anlamalıdırlar ki, biz haqlıyıq. Biz öz torpağımızda vuruşuruq. Onlar bizim torpaqda ölürlər".