Hesabatlar

Azərbaycan Beynəlxalq Bankının maliyyə vəziyyəti necədir? - HESABAT

Ölkənin ən böyük dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının (ABB) maliyyə vəziyyətindəki mövcud durum onu göstərir ki, akitvlərin həcmi azalsa da, bank kreditləşmədəki dinamikanı qorumağa çalışır. 

Aktivlər azalıb

Bu il oktyabrın 1-nə ABB-nin aktivləri 8 milyard 187 milyon 558 min milyon manat təşkil edib. Bu isə o deməkdir ki, ötən doqquz ayda bankın aktivləri 11,2%, bir il əvvəlki dövrlə müqayisədə isə 12,2% azalıb.  Aktivlərin tərkibinə baxsaq görərik ki, ABB-nin digər banklardakı və maliyyə qurumlarında passiv halında yerləşdirdiyi vəsaitin həcmi, kredit portfeli ilə müqayisədə 14% daha çoxdur.

Hesabata əsasən, bankın digər maliyyə qurumlarında 2 milyard 583 milyon 399.30 min manat vəsaiti var. Müqayisə üçün bildirək ki, ötən 9 ayda həmin passivlərin məbləği 633 milyon manatdan çox azalıb. Ticarət və investisiya qiymətli kağızları isə 1 milyard 214 milyon 865 min manatdır və bu ilin doqquz ayında 345 milyon 274 min manat artıb.

 

Kredit portfelində “çevriliş”

Aktivlərin 2 milyard 228 milyon 984 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son bir ildə Bankın kredit portfeli 11,7%, ötən 9 ayda isə 3,3% böyüyüb.

Bank kreditlər üzrə ehtiyatlarını artıraraq 245 milyon 316 min manata çatdırıb. Bank kredit portfelində demək olar ki, “çevriliş” edib: Portfelin 49,3%-ni biznes kreditləri, 26,9%-ni ipoteka və daşınmaz əmlak kreditləri, 23,7%-ni isə biznes kreditləri tutur. Halbuki, bir il əvvəl portfeldə əsas hissə istehlak kreditlərinin payına düşürdü. Eyni zamanda, ABB-də nağd pulun və bloklaşdırılmış vəsaitin həcmi təxminən 2 dəfəyə yaxın azalıb.

Beləliklə, aktivlərdə azalma əsasən passiv halındakı vəsaitlərin həcmindəki kiçilmə ilə bağlıdır. Bu özünü faiz gəlirlərinin azalmasında da göstərir. Pul hərəkətindən görünür ki, pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentində 504 milyon 415 min manat azalma baş verib və nəticədə 1 milyard 494 milyon 916 min manata düşüb.

 

Hesabların kiçilməsi tendensiyası zəifləyib

Hesabat dövründə ABB-nin öhdəlikləri 12,3% azalaraq 6 milyard 863 milyon 16 min manata düşüb. Azalmada depozit portfelinin payı yenə yüksək olaraq qalır - 15,9%. Üçüncü rübün sonuna depozit portfelinin həcmi 4 milyard 590 milyon 53 min manat təşkil edib. Depozit portfelində azalma həm fikizi şəxslərin, həm də hüquqi şəxslərin hesablarında baş verib. Lakin daha çox “əriməsi” ötən aylarda da olduğu kimi hüquqi şəxslərin hesablarında baş verib. Hüquqi şəxslərin hesabları 1 milyard 36 milyon 411 min manat azalaraq 3 milyard 411 milyon 92 min manata enib. Ümumilikdə 2020-ci il ərzində depozitlərin əriməsi tendensiyasına baxsaq, demək olar ki, ilk altı ayda xüsusən də mart-aprel-may aylarında hüquqi şəxslərin hesabları sürətlə kiçilib. İyul-avqust-sentyabr aylarında isə bu tendensiya qismən zəifləyib.

 

Mərkəzi Bankdan borc aldı

Ötən doqquz ayda balans kapitalı isə 11,2% azalaraq 1 milyard 324 milyon 543 min manata enib. Öhdəliklərdə daha bir maraqlı tendensiya ondan ibarətdir ki, ABB iyul-avqust-sentyabr aylarında Azərbaycan Mərkəzi Bankından 115 milyon manat borc alıb. Görünür, həmin borc müqabilində bank həm kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklərinin ödənilməsində istifadə edib. Maraqlıdır ki, bank öhdəliklərində -14 milyon 483 min manat bölüşdürülməmiş zərər də öz əksini tapıb. Bu zərərin isə bankın dividend ödənişi ilə əlaqədar formalaşdığı ehtimal olunur.

 

Mənfəəti azaldı

“Azərbaycan Beynəlxalq Bankı”ASC bu ilin yanvar-sentyabr aylarını 135 milyon 397 min manat xalis mənfəətlə başa vurub. Halbuki, ötən ilin eyni dövründə bank 322 milyon 987 min manat mənfəət götürmüşdü.

ABB-nin gəlirləri 390 milyon 974 min manat olub və müvafiq dövrlə müqayisədə 10% azdır. Xərcləri 190 milyon 42 min manatdır və 3% artıb. Xüsusi ehtiyatlara ayırmaları isə dəyişməyərək 23 milyon 827 min manat təşkil edib. Bank mənfəət vergisindən 41 milyon 331 min manat büdcə köçürməsi edib.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)