Aqrar

“Kredit alan fermer hansı məhsulu yetişdirməlidir ki, krediti ilk aydan ödəsin?”

Son zamanlar aqrar sektora, intensiv və ağıllı bağ məsələlərinə, aqrar sektorda rəqəmsallaşmaya,  bununla bağlı tənzimləmələrə müəyyən zaman ayırıram. Çünki özüm də imkan tapdıqca  bununla məşğul oluram.

Bunu İnternet Forumunun prezidenti Osman Gündüz deyir.

Son zamanlar dövlət tərəfindən aqrar sektora yetərincə dəstək, böyük həcmdə subsidiyalar və güzəştlər tətbiq olunur.

Amma diqqət yetirdikdə görmək olar ki , aqrar sektorda hədsiz qarmaqarışıq mexanizmlər, düzgün olmayan yanaşmalar və absurd güzəşt mexanizmləri var.

Əvvəlki statuslarımda düzgün olmayan subsidiya mexanizmi nəticəsində fermerlərə  güzəştlə 8 manata verilən gübrənin qiymətinin qara bazarda 20 manat olması və  dövlətdə isə onun açıq satışının 26 manat 67 qəpik olduğunu qeyd etmişdim.

Yəni , gübrəyə ehtiyacı olanlar , lakin absurd tənzimləmə ucbatından güzəştə düşməyənlər məcburdur ki, başqasına güzəştlə verilən gübrəni baha qiymətə bazardan alsın.

Güzəştsiz gübrənin dövlət qiyməti “Agrolizinq”də baha müəyyən olunduğundan  qara bazarın inkişafı üçün münbit şərait yaranıb.

Daha bir məntiqsizlik isə güzəştli, aqrar kreditlə bağlıdır.

Təsəvvür edin ki , dövlət 7%-lə fermerlərə aqrar kredit verir. Bu, çox faydalı bir addımdır.

Amma kredit fermerin əlinə çatan andan müvəkkil banklar hər ay geri ödəniş tələb edir. Təkrar edirəm, kredit alan andan, ondan istifadə etmədən, geriyə aylıq  ödəniş başlanır.

Adı da qoyulur “aylıq faiz ödənişi”. Çünki Kənd Təsərrüfatı Nazirliyi güzəştli aqrar kreditin qaydalarını belə müəyyən edib.

Anlaşılmaz olan odur ki, krediti alan fermer nə etməlidir ki, bir ayda nə əkib  nə yetişdirib-istehsal edib satmalıdır ki, dərhal, hər ay krediti qaytara bilsin.

Tutaq ki, siz intensiv bağ salmaq istəyirsiniz. Bağ ən azı 3 ilə bar verəcək. Amma siz bu məqsədlə aldığınız 3 illik güzəştli krediti, dərhal , elə birinici ilin birinci ayından ödəməyə başlayacaqsız. Absurd bir mexanizmdir.

Beynəlxalq təcrübəyə nəzər salanda görmək olar ki, orada güzəştli kredit həm faizə və həm də zamana tətbiq olunur.

Bizim aqrar sektorda tənzimləməni hazırlayanlar nədənsə güzəştin zamana tətbiq edilməsini unudublar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)