Dünən tender başa çatsa da, AMEA bu gün elan verib
Azərbaycan Milli Elmlər Akademiyasi mühafizə xidmətinin satın alınması məqsədilə tender elan edib. Verilən xəbərə görə, elanda diqqət çəkən məqam dünən sənədlərin qəbulunun başa çatmasıdır.
Belə ki, AMEA İşlər İdarəsi 2020-ci ildə cari ilin son dörd ayı üçün mühafizə xidmətinin satın alınması məqsədilə kotirovka sorğusu elan edib. “Xalq qəzeti”nin bu günkü sayında dərc edilən elanda qeyd edilib ki, kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanıb möhürlənmiş kotirovka təkliflərini 17 sentyabr 2020-ci il (dünən-red.) saat 12.00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaq.
Artıq verilmiş təkliflər isə 18 sentyabr 2020-ci il (bu gün –red.) saat 12.00-da AMEA Rəyasət Heyətinin inzibati binasında açılacaq.
AMEA eyni qaydada 2020-ci ildə məişət tullantılarının daşınmasının satın alınması məqsədilə də korirovka sorğusu elan edib. Bu gün elan edilən bu tenderin də vaxtı dünən bitib, bu gün isə sənədlərə baxılacaq.
Qeyd edək ki, AMEA İşlər İdarəsinin müadiri sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədovdur. Onun müavini isə karantində keçirdiyi toya görə məhkəmənin qərarı ilə 15 sutka həbs edilən sabiq deputat İlham Əliyevin qardaşı Fikrət Əliyevdir. İ.Əliyev AMEA prezidenti Ramiz Mehdiyevin kürəkənidir.