İnşaat və əmlak

Xırdalan yolundakı körpü sökülür - FOTO

Bakı-Quba yolunun Xırdalan dairəsi yaxınlığında yerləşən hissəsində mövcud dəmir yolu körpüsünün söküntüsünə start verilib. Bununla əlaqədar olaraq günün müəyyən saatlarında hər bir istiqamət üzrə intensivlik nəzərə alınmaqla avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən “ENA”ya daxil olan məlumata görə, təhlükəsizlik baxımından söküntü işləri körpünün sırf hərəkətin məhdudlaşdırıldığı zolaqlar üzərindəki hissəsində aparılır. Köhnə körpünün sökülməsi və əvəzində yeni dəmir yolu körpüsünün inşası işlərinin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və zəruri texnika cəlb edilib. Məlumatda həmçinin qeyd olunub ki, söküntü işlərinə paralel olaraq yeni körpünün dayaqlarının inşası istiqamətində də addımlar atılır.

Qeyd edək ki, mövcud dəmiryolu körpüsünün dayaqları yolun hərəkət hissəsində avtonəqliyyat vasitələrinin normal hərəkətinə maneə törətdiyi üçün sökülür və əvəzinə yeni biraşırımlı tağlı dəmir yolu körpüsünün inşa edilməsi planlaşdırılır. Körpünün uzunluğu 68.5 metr, eni isə 12.7 metr təşkil edəcək.

 




Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department