Sağlamlıq

Koronaviruslu xəstələri müalicə edən həkim: “Cəmi bir həftəyə saçım ağardı” 

Kəmalə Nəbiyeva Sumqayıtda koronaviruslu xəstələrin müalicə olunması və sağalması üçün həyatını təhlükəyə atan həkimlərimizdən biridir. 
13 ildir, Sumqayıt şəhər 3 saylı poliklinikada çalışır. İyunun 10-dan koronaviruslu xəstələrlə işləmək üçün könüllü yazılıb.
Bu günə qədər onlarla ağır xəstənin sağalıb evinə, ailəsinə qayıtmasına kömək edib. 
Qaydalara uyğun 15 gündən sonra evinə qayıdıb, amma bir neçə gün  sonra dözməyərək, yenidən xəstəxanaya üz tutub. 
“Axı xəstələrim qaldı” -  İndi onun beynində, ürəyində yalnız bu sözlərdir. 
Klinikada növbəsindən otelə qayıdan həkimlə müsahibəmiz daha çox iki insanın dərdləşməsinə bənzədi. O, xəstələrin fikrini çəkən yorğun həkim, mən koronavirusdan müalicə almaqdan yorulan jurnalist. 
Bütün söhbəti boyu elə bir cümləsi olmadı ki, göz yaşları axmasın.  Onun həyəcanını məndən yaxşı anlayan olmazdı. 

-    Kəmalə həkim, necə oldu ki, könüllü olaraq belə bir yükü çiyinlərinizə aldınız? Bu xəstəxanaya gələnə kimi düşündüynünüz nə idi, gördükləriniz nə oldu?

-    Sumqayıtda koronoviruslu xəstələrlə çalışan bir çox həkimlər virusa yoluxmuşdu, ciddi kadr çatışmazlığı var idi. Mən bura  gələnə qədər “COVİD”li xəstələrin telefonla müalicəsində iştirak edirdim. Amma həmişə ambulator müalicə ilə məşğul olduğumdan stasionarda, yəni intensiv terapiya və palatada xəstələrin nələr çəkdiyinin şahidi olmamışdım. Elə bilirdim, xəstədir, dərmanını, iynəsini vurursan, nəzarət edirsən. Burda çətin nə var ki? Biliyimə, təcrübəmə arxayın idim. Amma mən koronavirusun belə dəhşətli olduğunu təsəvvür etmirdim. Bura sözün həqiqi mənasında  sanki cəbhə nöqtəsidir, müharibədir. Xəstələrin hamısı – yaşlısı, cavanı dəhşətli qorxu, təşviş içərisində daxil olur. Onları sakitləşdirmək çox çətindir. Elə boğulmaların çoxu da bu stress fonunda olur. 

Daxil olan kimi xəstəyə kim yaxınlaşırsa, əlindən ayağından tutub, “doktor, qurban olum, qoyma ölüm,  kömək edin”, - deyirlər. O an öz həyatım yadımdan çıxır. İlk vaxtlar ürəyim dözmürdü. Mən o dərəcədə ağır, çapalayan xəstə görməmişdim. Çox həssas idim, bura düşəndən cəmi bir həftəyə saçım ağardı. Gecə də yatmırdım, sonra özümü toparladım.

İlk xəstələrim sağalanda artıq əmin oldum, qorxularım getdi, ürəkləndim.

Xəstələrimiz evə gedəndə bizi qucaqlaya, öpə bilmirlər, amma bunu elə arzulayırlar. Bizim maskada, eynəkdə oluruq. Xəstələrim ağlayır ki, doktor bir dəfə üzünü görüm ki, sabah rastlaşanda səni tanıyım. Bilim ki, mənə ikinci dəfə həyatı kim verdi! 
Mən həkimliyi anamın xəstəliyinə görə seçmişdim. Anam astma idi, onun da boğulmaları olurdu. Buna bənzər halı qismən də olsa yaşamışam, görmüşəm. Amma bu boğulma o boğulmadan deyil.

-    Xəstələrin gərginliyi, stressi sizə də sirayət edir. Bunun qarşısında necə tab gətirirsiz? Məncə, bu xəstələrə “COVİD” müalicəsi ilə yanaşı ciddi psixoloji dəstək də lazımdır...

-    İşə başlayanda bütün hisslərimizi gizlədirik. Palataya keçəndə  xəstələrimi əzizləyib deyirəm: bu gün maşallah, rənginiz açılıb, nəfəsiniz xırıldamır, deyəsən saturasiyanız qalxıb. Ölçürəm görürəm yox, saturasiya düşükdür. Amma bildirmirəm. Xəstə soruşanda, deyirəm əladır. Bəzən olur ki, elə o sözü deyəndə xəstə o qədər rahatlanır, həqiqətən saturasiya qalxır. 
Məndə xroniki xəstəliyi çox olan mürəkkəb xəstələr vardı. Şükür, nəticələrim yaxşı oldu.  Hər müalicəyə başlayanda deyirəm, ay Allah, nə olsun həkiməm, sən məni doğru yönləndir, indi bu xəstəyə nə lazımdırsa, beynimə gətir. Həkimlik həm də məntiq tələb edir. Xəstə ilə fərdi işləmək lazımdır.
Adi bir şok xəbər alanda, qorxanda normal insan belə təngnəfəs olur, təzyiqi oynayır, havası çatmır, saturasiyası düşür. Bu xəstəlikdə virusun özünün ağciyərləri zədələməsi ilə yanaşı, həyəcan, stress fonunda xəstədə spazmlar, boğulma daha da artır.

 

Çox ağır, yaşlı xəstəm olub, ona görə çox qorxurdum. Özünə deyirdim ki, burda elə ən yüngül xəstəm sənsən. Görürdüm rahatlaşır, inanır. 
Bəzən özümdən razı davranıram. Xəstəyə deyirəm ki, mən elə xəstələri götürürəm ki, sağalsın. Xəstə itirməklə reytinqimi sala bilmərəm. Bunları deməyə məcburam. Heç bilmirəm bu sözləri hardan tapıb deyirəm. Xəstə də həkimə güvənir. Düşünür, hə, bu həkim yüngüllərlə işləyir, bu həkimin hələ ölən xəstəsi olmayıb. Onda o isterika, təşviş və güvənsizlik içində olmur.
Bəzən xəstələr həyat hekayələrini bizə danışırlar, həyatlarından xatirələr yadlarına düşür; hamısı zəhmətkeş, əziyyətli həyat sürüb. Amma yenə o xəstə halları ilə kimi ərini, kimi övladını düşünürdü. Bizim millətin insanları hər şeyi düşünür, bir özlərindən başqa! 

-    Bəs sizi kim sakitləşdirir? Həkimlər bir-birinə necə dəstək olur?

-    Biz həkimlər onsuz da vəziyyətin əsl üzünü görürük, bilirik. Bir-birimizə necə ümid verək? Allaha düa edirik ki, bu gün təcili yardım gəlməsin, xəstə gətirməsin. Bitsin bu, amma bitmir (göz yaşlarını saxlaya bilmir).
Rentgenə, KT-ə xəstələri göndəririk ki, müalicənin nəticələrinə baxaq. 5 xəstə göndərmişik, o xəstənin yerinə təcili yardım 7 xəstə gətirir. Heç 1-2 saat çəkmir. Deyirik, vallah yer yoxdur. Təcili yardım həkimi deyir, nə vicdansız adamsan, bəs bu xəstə evdə ölsün? Evimə aparım xəstəni? Bu sözlərə layiq olmaya-olmaya onu eşitmək inanın ki, işgəncədir.  O sözün ağırlığı adamı əzir. Axı mən burda döyüşürəm. Bəs, xəstəni hara yerləşdirək, dəhlizə, döşəməyə?! Mən heç təcili yardımı da qınamıram. Onlar evdə həqiqətən görür ki, xəstə boğulur... 

-    Bu qədər ağır xəstənin olmasına səbəb nədir? Səhvlər, yanlışlıqlar nədədir? 

-    Çox xəstələr kənardan yanlış müalicə aldıqdan sonra gəlir. O müalicə ki, xəstəni daha da ağırlaşdırıb. Niyə bizim insanlar elə bilir ki, xəstəxanaya yalnız son anda, kritik vəziyyətdə gəlmək lazımdır?
Ölən özünü gecikdirəndir, ölən ağır yanaşı xəstəlikləri olanlardır. O xəstələrin orqanizmi həkimə imkan vermir ki, müalicə aparılsın. Orqanizm özü imtina edir, bu anda isə həkim çarəsizdir. 
Nəfəs ala bilməyənləri, boğulma sindromu olanları daha çox gətirirlər. Çox xəstələrdə qorxudan spazm boğulma olur. 
Bəzən natri-xlora vitamin C qatırdım, köçürürdüm, xəstəyə deyirdim, sənə deksametazon vurdum, bu dəqiqə bronxun açılacaq. Həqiqətən də bronxu açılırdı.


-    Yeri gəlmişkən, artıq deksametazon koronavirusun müalicəsində təsdiqlənmiş ikinci dərmandır. Sadəcə insanlar onu evlərdə çox istifadə edir. Xəstəxanada hansı xəstələrə tətbiq edirsiz və həqiqətənmi effektlidir?

-    Ən güclü, yüksək dozalı dərmanları, hormonal preparatları xəstələrə yükləmək, onların gələcək sağlamlıqlarını təhlükə altına qoyur. 
Heç kim bilmir ki, bu xəstə 3-5 ay sonra yenidən yoluxmayacaq, ya pnevmoniya olmayacaq, ya başqa xəstəliklə xəstələnməyəcək. Ən yüksək molekul hormonal dərmanları bu gün versək, sonra onu nəylə müalicə edəcəyik? Hormonal preparatı sona saxlamaq lazımdır.
Uzun müddət eufillin, deksametazon vurmaq asılılıq yaradır.
Ümumiyyətlə, hormon preparatlarını hər xəstəyə, xüsusən zob, şəkər xəstələrinə vurmaq olmaz.
Hormonal dərman orqanizmə düşəndə böyrəküstü vəzilər tənbəlləşir.  Vəzilər artıq qanda həmin hormonun olduğunu görür və işləmir. Təbii hormonu ifraz etmir. Orqanizm sonradan istəyir ki, hər şey ona kənardan hazır gəlsin. 
Əgər mən xəstəni deksametonsuz müalicə edə bilərəmsə, onu niyə istifadə edim? Bu iynəni mən artıq başqa yolum olmayanda edirəm. Bir də görürsən ki, hələ təzə yoluxub, xəstəyə sistemə deksametazon qatıblar.
Yenə də deyim ki, koronavirusun müalicəsində həkim, dərman və psixoloji dəstək 50-nin 50-ə təsir edir. Xəstəni sözlə sağaltmaq lazımdır. Mən xəstələrimə idman etdirirəm, qoymuram uzansınlar. Tapşırıram ki, bir-birinizin kürəyinə arxadan vurun, ağciyərlər üçün yaxşıdır.
Telefonu kənara qoyun, xəbərləri izləməyin, neqativ şeylər oxumayın. Xüsusən xəstəxanada yatan xəstələr gərək, gündəlik xəbərləri, ölüm, yoluxma sayını oxumasınlar. 
60-70 faiz ağciyəri zədələnmiş xəstərimiz nəyin hesabına sağaldı: sənin heç nəyin yoxdur, ən yüngül xəstə sənsən sözlərinin.  

-    Ən ağır, yadda qalan xəstələriniz və itirilən xəstələrdən sizə ən çox təsir edəni kimlər olub?

-    Bizdə digər şöbədə həkimimizin ağır qadın xəstəsi var idi. Elə yalvarırdı ki...məni yetimimə salamat göndərin. Qadın “Sədərək” bazarına gedib yoluxmuşdu. Gəlib evdə tək tələbə oğlunu yoluxdurmuşdu. Xocalı köçkünü idilər.

Sonradan oğlu da xəstəxanaya düşdü. Anası sağalırdı, oğlan da müalicə olurdu. Amma sonra nə baş verdisə, oğlanın vəziyyəti 2 günün içində ağırlaşdı və qəfildən öldü. 
Bu  oğlanın ölümünə elə yandıq ki... Xocalıda min bir əziyyət görmüş, yenə də toparlanaraq bu yerə gəlib çatan ailənin faciəsi idi. 

Məsələ burasındadır ki, oğlan şəkər xəstəsi olmaya-olmaya şəkəri yüksəldi və heç cür sala bilmədik.
Bu ilk deyil. Koronavirusda mən bir neçə dəfədir belə klinik gedişatın şahidi oluram. Yaşa baxmayaraq, şəkər olmaya-olmaya anidən şəkər yüksəlir. Hələ bu xəstəlikdə müəmmalı məqamlar çoxdur.

-    Xəstələriniz əsasən harada, necə yoluxduqlarını deyirlər?
-    İndi daha çox evlərdə, ailə içi yoluxmalar baş verir. Xırdalandan bir xəstəm var idi, şəkər xəstəsi idi, and-aman edirdi ki, həkim, 2 aydır evdən küçəyə çıxmamışam. İnandım, çünki dizindən əməliyyat olunmuşdu,  harasa getməsi mümkün deyildi. 

Onu qızı yoluxdurmuşdu. Qızı da xəstə idi. İnsan var yoluxur, xəstələnmir, ya gec büruzə verir. Amma o yoluxdurucudur. Qız  da deyir marketə getmişəm, başqa heç yerə. 
Bir də görürsən bir ana zəng edir, azyaşlı uşaqda filan-filan əlamətlər, qızdırma və s var. Dərhal deyirəm ki, o koronaya yoluxub, uşaq yüngül keçirəcək, amma onu təcrid edin. Sonra yazır ki, yox, başqa pediatra apardıq, dedi qurddandır. Mən də heç bir şey demədim. 2 həftə sonra həmin qadın zəng edir ki, bəs biz yoluxduq.

Mən deyirdim axı o uşaq virusludur, vaxtında tədbir görmədin. O qurd tapan pediatr da yoluxdu bəlkə də, uşağın ailəsi də.
İnsanların çoxu xəstəliyi ciddiyə almır. 2-3 həkimlə danışır, hansının sözü ona xoş gəlirsə, asan gəlirsə, ona inanır. 
Evdə oturan yaşlıları kim yoluxdurur? Ailənin çölə çıxıb gedib-gələn üzvləri, oğlu, gəlini, hətta balaca nəvəsi.

-    İnsanlarımızın immuniteti necədir? Heç normal immunitetə malik xəstəniz olubmu? Profilaktik olaraq nə etməlidirlər ki, virusa yoluxmasınlar?

-    Profilaktik olaraq heç bir dərman, antibioitk, antiviral preparat qəbul etməyin. 

Kimsə deyəndə ki, gedim profilaktik olaraq Azitmorisin içim. Deyirəm yox, niyə içməlisən?! Azitmorisini indidən içsən, yoluxanda nə edəcəksən?
Profilaktik olaraq nə edə bilərsiz: yoxlanın. Qanın azdır, qanını artır. Şəkərin çoxdur, şəkərini sal. Özünü toparla. Vitaminin, fermentin çatışmırsa, onu qəbul et. Orqanizm özü mübarizə aparmalıdır. İmmunomodulyatorlar lazım deyil.


Evlərdə profilaktika məqsədilə və ya xəstəliyi yüngül keçirən xəstələrə, xüsusən gənclərə çoxsaylı infuziya, sistemlər, vitaminlər, sistemin içində 10 cür dərman qarışdırıb vurmağın qəti əleyhinəyəm. 


Biz öz tariximizə, kökümüzə baxsaq, virus və zökəmdə nələr istifadə ediblər, ilk başda onları etməliyik: əvəlikli isti sulu yemək, şorbalar, mürəbbəli çaylar, bitki çayları, nanə dəmləməsi, itburnu, qatıq, sarımsaq, soğan yeyin, brokkoli və kələmdən çox istifadə edin. Hər gün ət yemək olmaz, əvəzində tərəvəzləri bol edin. Meyvə şirələri, kompotlar edib için. D vitamini günəşdədir, C vitamini qidalardadır. Günəş şüası qəbul edin, hərəkətsiz qalmayın. 


Bizə tam sağlam, əlavə problemi olmayan xəstə gəlməyib. Problem çoxdur, saymaqla bitməz. Xüsusən qadınlarda qabırğalararası əzələlər hansı ki, ağciyərlərin də hərəkətliliyini, elastikliyini təmin edir, o zəifdir, yorğundur. Vaxtından tez tonusdan düşüb. Daxili orqanlar piylə örtülüb. Qolunu qaldırırsan , əzələ işləmir. Ağciyərlər tənbəlləşib, nəfəs almağa sanki “can çəkir”.


Azərbaycan qadını fədakar ana, övladdır, bəli, dəyərli xanımlardır. Amma heç özlərinə baxmırlar, özlərini düşünmürlər.


Xəstələrin çoxunda korona bəhanə idi, çox əvvəldən xəstə idilər və xəstəxanaya da xəstəliklərlə gəlirlər. Qan dövranı yaxşı işləyən xəstə görmədim. 


 Psixoloji problemlə gəlirlər, evdarından tutmuş vəzifəlisinə qədər. Nevroz, panik atak. Xəstə ölüm ayağındadır, oğlunun, gəlininin probleminin dərdini çəkir. Bu dəqiqə sən özünü düşünməlisən, dünyanın mərkəzi sənsən. İmkan ver xəstəliyinlə məşğul olaq. 


Bizim insanlar ildə bir dəfə çek-up olunmurlar. Bilmirlər ki, oqranizmlərində nə var, nə yox. İnanın ki, koronavirus olub xəstəxanaya düşəndən sonra xəstə bilib ki, şəkəri, anemiyası var. Korona olandan sonra ürəyinin xəstə olduğunu öyrənir. O qədər xəstələr olub, KT-dən sonra ğciyərində şiş çıxıb və ya zobu var, bilmir. 

Xəstədən anamnez soruşa bilmirik, heç nə bilmirlər, yanlış məlumat verirlər. 

İldə bir dəfə çek-up olunsalar, ildə bir dəfə sağlamlıqlarına bir az vəsait xərcləsələr, həm vaxtında xəstəliklərindən xəbərlərləri olar, həm həkimə müalicə üçün asan olar, həm də belə pandemiya dövründə ağırlaşmazlar. 

Qəfləti ölümlərin səbəbini ona görə biz tapa bilmirik, ona görə xəstəni sürətlə itirdik. Bu kimi məqamlar bizim işimizi çətinləşdirir.

Sağalanları da çox çətinliklə sağaltdıq. Bilmədik COVİD-i sağaldaq, yoxsa şəkər, qan, böyrəklə məşğul olaq? 95% xəstə buket xəstəliklərlə gəlir. 50% -i  heç bilmir ki, onun yanaşı xəstəliyi var. Biz yenidən müayinə, diaqnoz, təzədən başqa müalicə ilə məşğul oluruq.

-    Belə  bir fakt eşitdik ki, çox yüksək vəzifəli bir ailənin üzvü sizin xəstəxanaya gəlib, bir gün sonra onun yaxınları xəbər tutanda, mötəbər yerlərdən zənglərlə Bakıda daha prestijli xəstəxanada yer tapıblar. Amma xəstə getməkdən imtina edib... 

-    Bəli,  qadın xəstə bircə gün idi gəlmişdi. Bir də gördüm, şöbə müdiri məni axtardı bu xəstəyə görə. Sözün açığı, narahat  oldum. Bir deputat zəng etmişdi, xəstənin köçürülməsi üçün danışıqlar aparırdılar. Amma xəstə elə şöbə müdirinin yanında həmin şəxsə dedi ki, artıq mən bura yerləşmişəm, müalicə həkimimdən razıyam. Həmin an sevindim, əgər getsəydi, qüruruma toxunmuş olardı. Həmin xəstə sağaldı. Özüm ona bir gün öncədən proqnoz verirdim: sabah hərarətin düşəcək. Həqiqətən elə olurdu.

-    Nə vaxta kimi “ön cəbhədə” qalmaq fikriniz var? Belə deyirlər ki, bu meydana bir girən, daha çıxa bilmir. Vicdanı, ürəyi yol vermir...

-    Bəli, mən könüllü gəldim. Qaydalara görə 15 gün işləyib, sonra test veririk, 2 həftə karantində qalıb evə getməliydim. Mən 15 gün qala bilmədim. Xəstələrim var idi, onları sona  çatdırmalıydım. Axı xəstə də istəmir bir həkimdən başqa həkimə keçsin. 

Baxmayaraq ki, gəlməyə bilərdim, amma ürəyim dözmədi. Peşman da deyiləm. 

“Döyüş meydanı”nı yarımçıq qoyub çıxmaq olmaz. Bu müharibənin də öz generalları, əsgərləri var. 

Çox ümid edirəm ki, üzü payıza vəziyyət düzələcək.
Əvvəlki həyatımıza qayıdaq, o qədər toyu olmalı yaxınlar var, qalıb. O toylara getmək bizə nəsib olsun.
Biz heç vaxt bilməzdik, dünyamız belə olacaq. Gələcəyimizi də bilmirik. Deməli, belə bir şey ola bilərmiş. Bu sınaq bizə dərs olmalıdır. 
Həyat tərzimizi dəyişməliyik. Pul qazanırıqsa, onun bir qismini sağlamlığımıza xərcləməliyik. İnandırım sizi, xəstələr oldu ki, sağ qalması üçün nə imkanı var verməyə hazır idi, amma koronavirus pula, imkana baxmadı.  

Bu virus seçim də etmir: nazir, deputat, polis, həkim, varlı, kasıb, işli, işsiz. 
Virusun  müsbət tərəfləri də oldu: bu gün klinikalar doludur, hərə bir analiz verir, Rentgen, KT, USM-dən keçirlər. Sağlamlıqlarının qeydinə qalırlar. Bunu hər il etmək lazım idi. İkinci müsbət cəhət isə odur ki, Azərbaycan həkimləri son 20 ildə belə sevilməmişdi. İndi dəyərli olduq, bu qədər alqış almamışdıq. COVİD bitsə də, kaş ki, həkimlərə olan inam, hörmət bitməsin.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department