İnşaat və əmlak

Azərbaycanda özəlləşdirmə hərracları bərpa edilir

Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar fasilə verilmiş özəlləşdirmə hərracları yenidən keçiriləcək.

Bu barədə “ENA”ya İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, növbəti hərracı nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidməti avqustun 18-də təşkil edəcək. Hərraca ümumilikdə 35 dövlət əmlakı çıxarılıb. Bunlardan 34-ü kiçik dövlət müəssisəsi, 1-i isə yarımçıq tikilidir. Hərraca çıxarılan əmlakların tam siyahısı ilə burada tanış ola bilərsiniz: (https://bit.ly/2BdUC96).

Belə ki, kiçik dövlət müəssisələrinin ümumi sahəsi 45-2 997 kvadrat metr arasında dəyişir. Hərraca çıxarılacaq dövlət əmlakı respublikanın müxtəlif bölgələrində yerləşən ticarət, xidmət obyektləri, istehsal müəssisələri, əmlak kompleksi, qeyri-yaşayış binalarıdır.

Kiçik dövlət müəssisəsi və obyektlərinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Artıq həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birlikdə hərraca çıxarılan dövlət əmlakı Bakı, Gəncə, Mingəçevir, eləcə də digər şəhər və rayonlarda yerləşir.

Hərraca çıxarılan dövlət əmlakı sırasında Ağdaş rayonunda “Kərpic istehsal edən sahə”, Ucar rayonunda “Şərab sexi”, “Yevlax sənaye müəssisəsi” və s. kimi fəaliyyətini yenidən qurmaqla yüksək gəlir gətirə biləcək obyektlər vardır.

Hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. Belə ki, iştirak etmək istəyən şəxslərin seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı var. Prosesə marağı olan şəxs hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə bilər.

Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emdk.gov.az) Elektron hərrac bölməsini seçərək onlayn özəlləşdirməyə qoşula bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)