Hesabatlar

Dövlət büdcəsinə 100 milyarda yaxın pul köçürən Fond qızıl külçələrdən 37 dəfə çox gəlir götürüb

2003-2019-cu illəri əhatə edən 17 ildə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən dövlət büdcəsinə ümumilikdə 99,9 milyard manat və yaxud 99,7 milyard ABŞ dolları məbləğində vəsait köçürülüb.

Bu, ARDNF-in illik hesabatında bildirilir.

Hesabatda qeyd edilib ki, bu dövr ərzində ARDNF-nin cəmi büdcə xərcləri 112,4 milyard manat olub ki, burada transfertlər 88,9% təşkil edib.

"2019-cu ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 218,1 milyon manat təşkil etmiş və bunun 11 milyard 364,3 milyon manatı və yaxud 46,9%-i ARDNF tərəfindən transfert edilmişdir. Transfert dövlət büdcəsi xərclərinin (24 milyard 425,9 milyon manat) 46,5%-ni təşkil etmişdir". 

2019-cu ili 4 milyard 316,2 milyon manat xalis mənfəətlə başa vuran Fondun faiz gəlirləri 963,5 milyon manat, dividend gəlirləri 390,3 milyon manat olub. Məzənnə fərqindən zərəri 524,3 milyon manat, aktivlərin yenidən qiymətləndirilməsi üzrə gəlirləri 2 245,3 milyon manat təşkil edib.

Fondun qızıl külçələrdən gəlirləri 1 milyard 194,6 milyon manat olub ki, bu da 36,8 dəfə artım deməkdir. İnvestisiya mülkiyyətinin yenidən qiymətləndirilməsi üzrə gəlirləri 65 milyon manat, icarə gəlirləri 75,7 milyon manat, sair əməliyyat gəlirləri 32,9 milyon manat təşkil edib. 

ARDNF-in əməliyyat xərcləri 103,4 milyon manat, birgə müəssisələr hesabına zərəri 22,1 milyon manat, mənfəət vergisi ödəmələri isə 1,3 milyon manatdır.

Bu il yanvarın 1-nə ARDNF-in aktivləri 74 311,2 milyon manat olub ki, bu da illik müqayisədə 12,5% çoxdur. Hesabat dövründə Fondun öhdəlikləri 7,35% artaraq 1 088,8 milyon manata, balans kapitalı isə 12,55% artaraq 73 222,3 milyon manata çatıb.

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)