Banklar kreditləşməni azaltdılar: 5 AYLIQ GÖSTƏRİCİLƏR
Pandemiya əlaqədar karantin vəziyyətində gözlənildiyi kimi bank sektorunun xidmət portfeli kifayət qədər kiçilib. Rsəmi məlumatlara görə, 2020-ci ilin yanvar-may aylarında Azərbaycanda bankların həm biznes kreditləri və istehlak kreditləri portfeli azalıb, yalnız ipoteka kreditləşməsində artım tendensiyası davam edib.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 31 may 2020-ci il tarixinə bankların kredit portfeli 14 milyard 361 milyon manat həcmindədir. Bu isə 2019-cu ilin sonuna nisbətən 3,6% azalma deməkdir.
Hesabat dövründə bankların biznes krediti portfeli 2,5% azalaraq 8 milyard 803.5 milyon manata və ya bankların ümumi kredit portfelinin 61.3% -ə bərabər olub.
Təkcə may ayında bankların biznes kreditləri üzrə portfeli 282,7 milyon manat azalıb. Eyni zamanda, may ayında bankların istehlak kreditləri portfeli 81,2 milyon manat kiçilib. 5 ay ərzində banklar istehlak kreditlərini 8,4% azaldaraq 3 milyard 732,4 milyon manata salıblar.
Nəticədə vaxtilə ümumi kredit portfelində 50% tutan istehlak kreditlərinin həcmi ümumi nisbətdə 26% paya malikdir. 2020-ci ilin yanvar-may aylarında Azərbaycanda banklar ipoteka portfelini 1,7% artıraraq 1 milyard 825,1 milyon manata və ya bankların ümumi kredit portfelinin 12,7% -nə çatdırıb. Eyni zamanda, may ayında ipoteka kreditləri portfeli 17,3 milyon manat azalıb. 31 may 2020-ci il tarixinə Azərbaycanda 26 bank fəaliyyət lisenziyasına sahib idi.