“Azərkosmos” BƏƏ-nin “HorizonSat” şirkəti ilə əməkdaşlıq edəcək
“Azərkosmos” ASC Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) telekommunikasiya, internet və peyk xidmətləri üzrə daha bir aparıcı provayderi olan “HorizonSat” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
ENA.az bu barədə “Azərkosmos”a istinadən xəbər verir.
Məlumata görə, bu əməkdaşlığa əsasən “HorizonSat” şirkəti müştərilərinə Yaxın Şərq və Şimali Afrika regionunda “Azerspace-1” peyki vasitəsilə data xidmətləri təqdim edəcək. “HorizonSat” şirkəti “Azerspace-1” peykinin C-diapazonu ilə özünün teleportları üzərindən daha çox müştəriyə xidmət göstərə biləcək.
“HorizonSat” şirkəti ilə qurduğumuz bu effektiv əməkdaşlığın hər iki tərəf üçün fayda gətirəcəyinə əminik. Bu əməkdaşlıq peyk xidmətləri sahəsində Yaxın Şərq regionunda əhəmiyyətli layihələri reallaşdırmağımıza imkan yaradacaq”, – deyə “Azərkosmos”un Baş kommersiya direktoru Mark Qusriye deyib.
“Müştərilərimizə keyfiyyətli peyk xidmətləri təqdim edən “Azərkosmos”la tərəfdaşlığımıza xüsusi önəm veririk. “Azerspace-1” peykinin geniş əhatə zonası və innovativ peyk həlləri müştərilərimizə etibarlı xidmət verməyimizin əsas təminatıdır”, – deyə “HorizonSat” şirkətinin direktoru Mustafa Əl Faruk qeyd edib.