Sənaye

TAP-ın dəniz hissəsinin tikintisi yekunlaşıb

Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Boru Kəmərinin (TAP) Adriatik dənizinin dibi ilə 105 km uzunluğundakı hissə tamamlanıb.

“Report” xəbər verir ki, bu barədə TAP konsorsiumu məlumat yayıb.

Bildirilib ki, bu mərhələyə “Saipem” şirkətinin yarımdalma borudüzən gəmisi “Castoro Sei” vasitəsilə 36 düymlük boruların quraşdırılması, Albaniya sularında quru infrastrukturu ilə əlaqənin qurulması, həmçinin təhlükəsizlik və əməliyyatlara hazırlığına əmin olmaq üçün sınaq işlərinin aparılması daxil idi.

Boru kəmərinin Albaniyadan İtaliya sahillərinə çəkilməsi işlərinə bu il yanvarın ortasından başlanılıb. Borular “Castoro Sei” gəmisinin göyərtəsində qaynaqlanıb və sınaqdan keçirilib, sonra isə Adriatik dənizinin dibi boyunca davamlı olaraq düzülüb.

TAP-ın icraçı direktoru Luka Şipati bildirib ki, boru kəmərinin dəniz hissəsinin yekunlaşması layihənin tamamlanmasına doğru daha bir addımdır: “Əməliyyata başladıqda TAP dekarbonlaşmanı, enerji təhlükəsizliyini və şaxələndirəni dəstəkləyərək yeni mənbədən Avropaya qaz nəql edəcək".

TAP-ın layihə direktoru Con Haynes bildirib ki, hazırda layihinin 95%-i yekunlaşıb və ilin sonuna tam yekunlaşması gözlənilir.

Bildirilib ki, TAP-ın dəniz hissəsi üçün diametri 36 düym olan, ümumilikdə 100 min ton ağırlığında təxminən 9 min borudan istifadə olunub. Adriatik dənizinin dibində düzülən boruların 25 km-i İtaliya ərazi sularında, 43 km-i beynəlxalq sularda, 37 km-i isə Albaniya ərazi sularında yerləşir. Boru kəmərinin ən dərin hissəsi dəniz səviyyəsindən 810 metr aşağıda yerləşir.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans Adriatik Boru Kəməri ilə ilkin mərhələdə hər il "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın 10 milyard kubmetrinin Avropaya nəql olunacağı nəzərdə tutulur. Yunanıstanla Türkiyə sərhədindəki Kipoy kəndi yaxınlığında Trans Anadolu boru kəmərinə (TANAP) qoşulan TAP Yunanıstan, Albaniya ərazisindən keçərək Adriatik dənizinin dibi ilə İtaliyanın cənubunadək uzanacaq.

2013-cü il iyunun 28-də "Şahdəniz" konsorsiumu tərəfindən rəsmi olaraq seçildiyi açıqlanan TAP kəmərinin uzunluğu 878 kilometrdir. Bunun 550 kilometri Yunanıstan, 215 kilometri Albaniya ərazisinin, 105 kilometri Adriatik dənizi dibinin, 8 kilometri İtaliya ərazisinin payına düşür. Marşrutun Albaniya ərazisində yerləşən ən hündür nöqtəsi 1 800 metr yüksəklikdə, dəniz dibindəki ən alçaq nöqtəsi 820 metr dəniz səviyyəsindən aşağıdır.

Təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanın Saloniki şəhərində keçirilən TAP vasitəsilə Avropaya Azərbaycandan ilk qazın bu il nəql ediləcəyi gözlənilir.

TAP vasitəsilə Bolqarıstanın qaz ehtiyaclarının 33 faizi, Yunanıstanın 20 faizi, İtaliyanın 10,5 faizinə qədəri ödəniləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department