Aqrar

"Yarım hektardan 3-4 ton məhsul götürmək mümkündür"

Son illərdə respublikamızda çiyələk istehsalına maraq artıb. İstehsalçılar xaricdən gətirilmiş məhsuldar çiyələk növlərinin becərilməsinə üstünlük verir və yüksək göstəricilərə nail olurlar. Tərtər rayonunun İrəvanlı kənd sakini Mənzərə Məmmədova isə uzun illərdir yerli çiyələyin istehsalı ilə məşğuldur.

Hər il yarım hektar sahədə yerli çiyələk becərən Mənzərə Məmmədova deyib: "Çiyələyin şitilləri payızda əkilir və beş il məhsul götürmək olur. Yaz fəslində becərmə işləri aparılır, sahə alaqdan təmizlənir, suvarılır, may ayından isə məhsul yığımı həyata keçirilir. Yarım hektardan 3-4 ton məhsul götürmək mümkündür".

M.Məmmdova bildirib ki, yerli çiyələyin məhsuldarlığı xaricdən gətirilmiş növlərlə müqayisədə aşağıdır. Lakin təbii, dadlı və ətirli olması onun əsas üstünlükləridir.

"Xarici çiyələk növləri aprelin sonundan noyabr ayınadək davamlı məhsul verir, məhsuldarlığı yüksəkdir və dərilmiş çiyələyin saxlama müddəti daha çoxdur. Ona görə fermerlər xarici növ çiyələyin becərilməsinə üstünlük verirlər. Yerli çiyələk növü isə cəmi bir ay məhsul verir. Həm də yığılmış məhsul elə həmin gün istifadə edilməsə xarab olur. Buna baxmayaraq, müştərilərimiz çoxdur. Təbii, dadlı, ətirli, mürəbbə bişirmək üçün daha əlverişli olduğu üçün müştərilər elə sahədən gəlib alırlar. Odur ki, məhsulumuzu bazara çıxarmağa ehtiyac qalmır. Bir kiloqram çiyələyin qiyməti isə üç manata təklif edilir", - deyə Mənzərə Məmmədova vurğulayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)