İnşaat və əmlak

Güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyaları genişləndirildi

Prezident İlham Əliyevin fərmanı ilə “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən, güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda edilmiş dəyişikliyə əsasən, güzəştli ipoteka kreditini almaq və Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların mövcud kateqoriyalarından biri genişləndirilib və yeni kateqoriya əlavə olunub.

MİDA-dan verilən məlumata görə, “ən azı beş il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs” adlı mövcud kateqoriya genişləndirilərək, “ən azı üç il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxsləri” əhatə edəcək.

Müvafiq dəyişikliklə gənc ailə (gənc ailə – yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyndir) üzvü olan müəllimlər üçün əmək stajı tələbi beş ildən üç ilə endirilməklə yanaşı, yalnız ümumtəhsil məktəbində işləyən deyil, digər ümumi təhsil müəssisələrində çalışan gənc ailə üzvü olan müəllimlər də güzəştli mənzil əldə edə biləcəklər.

“Ümumi təhsil haqqında” qanunun 12.14-cü bəndinə əsasən, ümumi təhsil müəssisələrinin aşağıdakı növləri var:

- ibtidai ümumtəhsil məktəbi;

- ümumi orta ümumtəhsil məktəbi;

- tam orta ümumtəhsil məktəbi;

- lisey;

- gimnaziya;

- ümumtəhsil internat məktəbi;

- inteqrasiya təlimli internat tipli təhsil müəssisəsi;

- inteqrasiya təlimli ümumi təhsil müəssisəsi;

- xüsusi məktəb;

- xüsusi internat məktəbi;

- inteqrasiya təlimli internat tipli gimnaziya;

- valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəbi;

- digər məktəblər.

Bununla yanaşı, qaydalara yeni “ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs” kateqoriyası da əlavə olunub. Həmin kateqoriyaya aid olan vətəndaşlar yaşından və ailə vəziyyətindən asılı olmayaraq güzəştlə mənzil əldə etmək hüququndan yararlana biləcəklər.

Ölkə başçısının sözügedən Fərmanını icra etmək məqsədilə ötən müddət ərzində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən “Güzəştli mənzil” elektron sistemində zəruri dəyişiklik və təkmilləşdirmə işi aparılıb, həmin kateqoriyalara aid olan vətəndaşlar tərəfindən təqdim edilməli sənədlər müəyyənləşdirilib.

Sənədlərin siyahısı ilə www.mida.gov.az və www.mida.gov.az/mmc/ internet saytlarının ana səhifəsində yerləşən “Güzəştli mənzili kim ala bilər” bölməsində tanış olmaq mümkündür.

Hər iki yeni kateqoriyaya aid şəxslər 12 may 2020-ci ildən etibarən Elektron İmza və ya Asan İmzadan istifadə edərək “Elektron hökumət” portalında (www.e-gov.az) yaradılmış “Güzəştli mənzil” sistemi vasitəsilə müraciət edə bilərlər.

“Güzəştli mənzil” sistemində qeydiyyatdan keçərək şəxsi elektron kabinetə sahib olan şəxslər mənzillərin seçimi zamanı daha öncə elektron kabinetə sahib olmuş digər kateqoriyalara aid vətəndaşlarla bərabər hüquqlara malik olacaqlar.

Xatırladaq ki, güzəştli mənzil əldə etmək istəyən vətəndaşların rahatlığını təmin etmək, “Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq, habelə elektron kabinetin yaradılmasında kömək göstərmək məqsədilə Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərində, habelə Sumqayıt “ASAN xidmət” mərkəzində və Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərələri vətəndaşlara xidmət göstərir.

Bununla yanaşı, vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə gəlmədən ölkənin istənilən regionundan “108 Çağrı” mərkəzinə zəng edərək suallarına cavab tapa bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department