Azərbaycan OPEC+ üzrə öhdəlikləri çərçivəsində neft hasilatının azaldılması prosesinə başlayır
Azərbaycan “OPEC+” razılaşması çərçivəsində neft hasilatının azaldılması prosesinə başlayır. Bu barədə Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri, energetika nazirinin müşaviri məlumat verib.
“Azərbaycan bu gündən etibarən “OPEC+” razılaşması çərçivəsində neft hasilatının azaldılması prosesinə başlayıb.Hasilatın azaldılması kvotaları SOCAR-ın neft və qazçıxarma qurumlarının və ölkəmizdə hasilatın pay bölgüsü sazişləri, habelə bu qəbildən olan müqavilələr üzrə fəaliyyət göstərən neft istehsalçılarının hasilat həcmlərinə proporsional qaydada bölüşdürülüb”, - deyə o bildirib.
Z.Əliyeva xatırladıb ki, 2018-ci ilin oktyabr ayında gündəlik neft hasilatının “Azneft” İB üzrə 125 min barel, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən “Azəri-Çıraq-Günəşli” bloku üzrə 567 min barel, birgə müəssisələr və əməliyyat şirkətləri üzrə isə 26 min barel təşkil etdiyini nəzərə alaraq, hasilat bu səviyyələrdən cari ilin may-iyun aylarında 23%, iyul-dekabr aylarında 18%, 2021-ci ilin yanvar-aprel aylarında isə 14% azaldılacaq.*