Sosial iqtisadiyyat

10 manata görə koda düşən smart-kartları necə bərpa edək? – RƏSMİ

Azərbaycanda smart-kartlara ödəniş terminallarında əlavə 10 manat vəsaitin hədiyyə edilməsi ilə bağlı insanların kütləvi aldadılması halları aşkarlanıb. Dünən gecə saatlarından etibarən belə bir ajiotaj yaradılıb ki, ödəniş terminallarında “Smart-kartın bərpası” düyməsini klikləməklə kartlara əlavə 10 manat da yükləmək mümkündür.

Sosial şəbəkələrdə yanlış paylaşımdan sonra bəzi vətəndaşlar smart-kartları vasitəsilə terminallarda əməliyyatlar ediblər.

Bunun nəticəsində bəzi vətəndaşlara məxsus smart-kartlar koda düşüb və onlar vasitəsilə sayğaca qaz yükləmək mümkünsüz olub.

Qeyd edək ki, mövcud problemlə vətəndaşların qarşılaşacağını “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov da xəbərdar etmişdi: “Belə bir ajiotaj yaradılıb ki, ödəniş terminallarında “Smart-kartın bərpası” düyməsini klikləməklə kartlara əlavə 10 manat da yükləmək mümkündür. Bəziləri bunu “Azəriqaz” İB-nin vətəndaşlara “hədiyyəsi” kimi də qələmə verib.

Bildirmək istərdik ki, bu yanlış əməliyyat abonentlərin smart-kartlarında ciddi qüsur yarada bilər. Çünki hər ödəmə bir vahid kod üzərində icra olunur və təkrarsızdır. Yəni kartı ödəmə terminalına zərurət olmadığı halda daxil edib “Smart-kartın bərpası” düyməsini klikləyib əməliyyatı həyata keçirmək, yalnız həmin kartın sıradan çıxmasına gətirib çıxara bilər”.

Məlumat üçün bildirək ki, belə olan halda kartda yaranan qüsurlara görə yeni məbləğ yükləniləndə problemlər yaranarsa və bundan başqa abonentlər kartlarının əvvəlki qaydada işləkliyini təmin etmək istəyərsə, “ASAN Xidmət”, “ASAN Kommunal” və “Azəriqaz” İstehsalat Birliyinin xidmət sahələrinə üz tutmalıdırlar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department