Persona

Dünyanın 9-cu ən böyük mobil operatorunda çalışan azərbaycanlı xanım - Uğur hekayəsi

İradə Vəliyeva: "Uğur qazanmaq üçün risk etməkdən qorxmamaq vacibdir”

Cəsarətli, riskləri sevən və öz üzərində daim çalışandır. Səhv etməkdən, yanlış addım atmaqdan qorxmur. Çünki səhvlərindən daim öyrənib və uğur qazanıb. Ən əsası isə, özünə limitlər qoymur. Əgər hansısa işi bacaracağına inanırsa, mütləq addım atır...

Müsahibimiz Hollandiyada yerləşən, dünyanın 9-cu ən böyük mobil operatoru olan VEON B.V. şirkətində Qlobal (irimiqyaslı) innovasiyalar üzrə menecer vəzifəsində çalışan həmyerlimiz İradə Vəliyevadır.

Bakıda doğulub, böyüyüb. Orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Gömrük işinin təşkili və idarə edilməsi fakültəsinə daxil olub. Deyir ki, satış üzrə bir çox sahədə işlədikdən sonra yoluna Bakcell-lə davam edib. Əvvəlcə, Marketinq və Satış təchizatı üzrə baş mütəxəssis, daha sonra Şəbəkə və İT təchizatı üzrə bölmə rəhbəri, Şəbəkə və İT təchizatı üzrə şöbə rəhbəri , Təchizat və Logistika Şöbəsinin rəhbəri vəzifəsini icra edib. 2014-cü ildə Təhsil Nazirliyinin tam təqaüd proqramı ilə  İngiltərədə "Manchester Business School”da (Mançester Biznes Məktəbi) təhsil alıb. Londonda MBA üzrə məsləhətçi, Lüksemburqda proqram üzrə menecer, Moskvada qlobal transformasiya üzrə menecer işləyib. Hazırda Amsterdamda qlobal innovasiyalar üzrə menecer vəzifəsini icra edir: "Təqaüdlə oxudum və yaxşı qiymətlərlə Mançesterdə universiteti bitirdim. İnstitutun təşkil etdiyi konsaltinq proyektlərində, Tokioda araşdırmalarda iştirak etdim. 2016-cı ildə VEON şirkətində işləməyə başladım. VEON-un baş ofisi Hollandiyada - Amsterdamda yerləşir. Həmçinin şirkət Rusiya və Asiyada da fəaliyyət göstərir. 3 il Moskvada menecer kimi işlədikdən sonra Bakıya gəlib bu sahədə təlim keçdim, konfranslarda çıxış etdim. Kiyevdə spiker kimi konfransda iştirak etdim və ötən ilə Moskvadan Amsterdama transfer olundum”.

 

 

- İradə xanım, Bakcell-də mütəxəssis vəzifəsindən rəhbər vəzifəyə qədər yüksəlib, daha sonra təhsil üçün xaricə yollanmısınız. Nə üçün? Adətən aşağı pillədən yuxarıya qədər gələnlər zirvəni rahatlıqla buraxa bilmirlər...

- Bəli, rəhbər vəzifəsində işləyirdim. Ancaq mən bir yerdə dayana bilməzdim. Bu, təbiətimə uyğun deyil. Fikirləşirdim ki, təhsilimi inkişaf etdirməliyəm. Çünki karyeram burada bitmirdi və gələn təklifləri dəyərləndirmək üçün təhsil baxımından da peşəkar olmalı idim. Əlbəttə ki, rəhbərlik səviyyəsini geridə qoyub sadə tələbə olmaq çətindir. Amma bu, mənim məqsədim idi. Qrup yoldaşlarımdan da menecer və direktor kimi işləyənlər var idi. İngiltərədə fərqli təcrübələrlə rastlaşdım və başa düşdüm ki, rəhbər olmaq əsas deyil. Özümü inkişaf etdirməliyəm. Bunun üçün də fərqli ölkələrdə işləmək və insanlarla rastlaşmaq çox vacibdir. Bu təcrübələr mənim baxışlarımı dəyişdi. Fərqi yoxdur hansı vəzifədə olur olsun, bir şirkətdə ancaq bir səviyyədə işləmək və bir neçə il oturmaq mənə maraqlı deyil.

 

- Hər insanın uşaqlıq arzusu olur. Maraqlıdır, sizin uşaqlıq planlarınız nə olub?

- Uşaqlıqdan kosmonavt olmaq istəyirdim. Sonra başa düşdüm ki, Azərbaycanda kosmonavt olmaq o qədər də asan məsələ deyil. Bir az böyüdükdən sonra arzularım dəyişdi. Ekologiya sahəsinə yönəlmək istədim. Ekologiyanı sevirdim və uşaqlıqdan istəyirdim ki, ətraf mühitin qorunmasında, inkişafında mənim də payım olsun. Hələ də bu arzuma çatmamışam, amma, düşünürəm ki, bunu mütləq edəcəyəm. Məhz bu arzuma görə, 2014-cü ildən vegetarianam. Bu da məncə, ekologiyaya böyük köməkdir. Ətrafımda olan bütün dostlarımı və tanışlarımı aktiv vegetarian olmağa çağırıram. Biz təbiətimizin dəyərini bilməli və qorumalıyıq.

 

 

- Bakı, Mançester, Lüksemburq, Moskva, Amsterdam... Tam fərqli şəhərlərdə karyera qurmaq imkanınız olub. İnsanın tez-tez mühit dəyişməsi çətin deyil ki? 

- Əlbəttə, çox çətindir. Başqa ölkəyə köçmək, hər şeyi sıfırdan başlamaq asan deyil. Təsəvvür edin, hər dəfə məkanımı dəyişəndə, getdiyim ölkədə heç kimi tanımıram, dostlarım da geridə qalır. Ailəm Azərbaycandadır və məni həmişə dəstəkləyiblər. Hər dəfə köçəndə yaxud təzə bir işə başlayanda atam mənə motivasiya verir, ondan güc alırdım. Mən daim işləməyə, öyrənməyə həvəsliyəm. Bu, sanki mənim tələbatımdır. Çalışıram ki, bir yerdə dayanmayım və öyrənim. Düzdür, ailənin dəstəyi önəmlidir. Amma insanın özündən də çox şey asılıdır. Mən həmişə köçəndə ilk altı ay çətin olur. Çalışıram ki, bəzi məşğuliyyətlərim olsun və alışım. Məsələn, Moskvada uşaq evində könüllü kimi çalışırdım. Orada çoxlu dostlar qazandım. Təzə ölkəyə gələndə özünü nə qədər çox yerli kimi hiss etsən, o qədər tez alışarsan.

 

- Bəzi insanlar xüsusilə, karyera yoluna təzə başlayanlar xanım üçün karyerada uğur qazanmağın qarşı cinsə nisbətən çətin olduğunu düşünür. Hətta sənətləri "qız işi”,  "oğlan işi” deyə ayıranlar da var. İT mütəxəssisi kimi siz necə düşünürsünüz?

- Seksist problemləri əlbəttə ki, var. Gənc qızlar işə başlayanda özlərini kişi kimi aparmaq istəyirlər. Xüsusilə də özlərini kişi işində sanki daha sərt olmalıdırlar kimi hazırlayır, kişi kimi göstərməyə çalışırlar. Mən belə düşüncələrə inanmıram. Qadın hər işi görə bilir. Əgər hansısa işə başlamaq istəyirsə və istedadı varsa, deməli, öhdəsindən gələcək. Məsələn, mən Rusiyada yaşayanda, qadınlar tramvay, taksi sürürdülər. Amsterdama təzə mənzilə köçəndə mebeli iki qadın daşıyırdı və onlar çox güclü idilər. Görünür ki, bu, onların işidir. Onların anası, nənəsi də bu işlə məşğul olub və uğurludurlar. Özümü misal göstərsəm, hazırda texnologiya sahəsində çalışıram. Bəzi insanlar düşünür ki, bu, kişi işidir. Amma belə insanların fikri mənə maraqlı deyil. Əsas odur ki, menecerim işimdən çox razıdır və deyir ki, mən 10 kişidən də yaxşı iş görürəm. Əgər talantım var və bu işi görmək istəyirəmsə, buna cinsim mane ola bilməz. Qadın, kişi işi deyə bir ayırım yoxdur. Bu fərqlilik bəlkə də ötən əsrlərə uyğun idi.

 

 

 

- Sizcə, qadınlar iş həyatında hansı maneələrlə qarşılaşırlar? Yəqin ki, siz də az rastlaşmamısımız...

- Hər kəs individualdır. Bəzən görürük ki, qadınlar sərt, kişilər daha diplomatik olur. Öz təcrübəmdən fərqli insanlarla rastlaşmışam. Elə mühitlər olur ki, qadınlar öz fikirlərini ifadə etməkdən, hərdən "yox” deməkdən qorxurlar. Bu, onların səhvi deyil. Onlar belə mühitdə böyüyüblər. Bəzən mən iclasda tək qadın oluram. Hiss edirəm ki, kişilərin arasında özünə inanmaq və sözünü ifadə etmək mənim üçün də çətindir. Öz fikrimi deyəndə əlbəttə, kişilər də dinləyirlər. Amma bəzi mühitlərdə qadını dinləmirlər. Qadınlar onlardan qorxmamalıdırlar. Bu da bir təcrübədir ki, biz hamımız ondan keçməliyik. Amma bu o demək deyil ki, gələn dəfə mən öz fikrimi deməyə qorxmalıyam. Biz hələ də seksist mühitdə yaşayırıq. Buna görə də qadın kimi özümüzü cəsarətli göstərməli və problemlərdən qorxmamalıyıq.

 

- Hazırda dünyanın 9-cu ən böyük mobil operatorunda çalışırsınız. Bu, azərbaycanlı xanım üçün necə hissdir? 

- Burada münasibətlərimiz çox yaxşıdır. Mən beynəlxalq şirkətdə işləyirəm. Menecerim Kolumbiyadandır. Başqa ölkələrdən olan həmkarlarım da var. Serbiya, Ukrayna, Filippin, Rusiya, Hollandiya vətəndaşları ilə iş münasibətlərimiz olur. Biz başa düşürük ki, hamımız fərqliyik. Mədəniyyətlərimiz, dilimiz də müxtəlifdir. Amma bu daha da maraqlıdır. Hər kəs öz mədəniyyətlərindən danışır və müzakirələr edirik. Oxşar, fərqli cəhətlərimizi axtarıb tapırıq.

 

- Ətrafına güvənə biləcəyin insan toplamaq asan proses deyil. Sizcə, ətrafın insan həyatında, karyerasında rolu nə qədərdir?

- Ətraf əlbəttə ki, çox vacibdir. Biz əslində, bizə oxşayan, bizim kimi düşünən insanlarla dostluq edirik. Bəzən də yanılırıq... Çünki hamımız eyni deyilik. Məsələn, mən Azərbaycanda yaşayanda və təqaüd alıb başqa ölkəyə getmək istəyəndə dostlarım inanmırdılar. Deyirdilər ki, çox çətin olacaq, təqaüd almaq asan deyil, orada həyat çox bahadır və s. Onlara görə, mən bunu bacara bilməzdim. Amma özümə güvənirdim. Bu prosesdə əlbəttə ki, dostlarım da dəyişirdi. İnanıram ki, özünə elə adamları yaxın tutmalısan ki, onlar səni, sən də onları müsbət mənada dəyişə biləsən. Dostların da sənə inanmalı və dəstəkləməlidirlər.

 

 

- Sizcə, uğurun sirri çox çalışmaqdır, yoxsa düzgün çalışmaqdır? Siz uğurunuzu hansı xüsusiyyətinizə borclusunuz?

- Çox çalışmaq və öz bacarığına uyğun iş tapmaq önəmlidir. Əgər işin sənə maraqlıdırsa, deməli, ondan bezməyəcək, çox çalışa biləcəksən. İş sənə maraqsızdırsa, nə qədər özünü məcbur etsən də, işləyə bilməzsən. Ona görə də əsas öz bacarığına uyğun iş tapmalı, sonra çox çalışmalısan. Təhsilli olmaq çox əhəmiyyətlidir. Oxumaq , özünü təkmilləşdirmək və dayanmamaq da çox vacibdir. Mən mütləq treninqlərə gedir, daim öyrənir və ətrafımdakıları da öyrətməyə çalışıram. Həmişə öyrənmək və bu prosesi dayandırmamaq lazımdır. Bəzi insanlar bakalavr yaxud magistratura təhsili bitdisə, öyrənmək prosesini də bitmiş hesab edir və özünü hazır sayır. Bu, səhv düşüncədir. Əgər maraqlı işim varsa və hər gün bu işdən öyrənirəmsə, deməli, uğurluyam. Daim öyrənmək, cəsur olmaq, risk etmək, yeniliklərdən qorxmamaq və özünə güvənmək uğur sirrimdir. Mən səhv etməkdən, yanlış addımlar atmaqdan qorxmuram. Çünki bütün səhvlərim mənə kömək edib. Ən əsası isə, özümə limitlər qoymuram.

 

- Öz bacarığına uyğun iş tapmaq önəmlidir dediniz. Heç olub ki, işə başlamısınız və sizlik olmadığı üçün yolun ortasından geri qaytmısınız?

 - Bəli. Sonuncu şirkətdə 3 departament dəyişmişəm. Başlayanda düşünürdüm ki, bəli, bu, maraqlıdır. Amma sonra gördüm ki, mənim bacarığıma uyğun deyil. Mən yenilik etməliyəm. Deməli, nəyisə düz etməmişəm. Mən işə mənə nələr öyrədə bilər gözü ilə baxıram. Əgər öyrənmir, yerimdə sayıramsa, işimi dəyişirəm. Hər gün mütləq öyrənməliyəm. Səhv etməyə də vaxtım var. Düşünürəm ki, nə qədər çox səhv etsək, o qədər uğurlu ola bilərik.

 

- İnsanda belə bir fikir yaranır ki, bu qədər uğurlu adam xaraktercə möhkəm və olduqca ciddidir...

- Mən şən və dostsevən insanam. Risk etməkdən qorxmuram. Uğur qazanmaq üçün risk etməkdən qorxmamaq çox vacibdir.

 

- Uğurlu karyerada yalnız ağıllı olmaq kifayət edirmi?

- Əlbəttə ki, ancaq ağıllı olmaq kifayət deyil. Düzdür, insan ağıllı olmalıdır, amma bu, əsas deyil. Ağıl elə bir məfhumdur ki, həmişə işlətməlisən. İşlətmədinsə, sənə fayda verməz.

kaspi.az

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)