Sənaye

9 qəpiklik neftdən alınan benzin niyə 90 qəpiyə satılır?

Məlum olduğu kimi, hazırda Azərbaycanda istehsal olunan və daxili bazarda satılan Aİ-92 markalı avtomobil benzininin 1 litrinin pərəkanda satış qiyməti 90 qəpiyə, dizelin 1 litrinin pərəkanda satış qiyməti isə 60 qəpiyə bərabərdir.

ENA.com xəbər verir ki, Azərbaycanda hasil olunan xam neftin 1 litrinin maya dəyəri benzininin pərəkanda satış qiymətindən 10 dəfə, dizelin pərəkanda satış qiymətindən 6,7 dəfə aşağıdır. Belə ki, açıqlanan son məlumata görə Azərbaycanda hasil olunan (SOCAR tərəfindən) 1 litr xam neftin maya dəyəri 9 qəpiyə bərabərdir.

Məlumat üçün bildirək ki, 1 barel (159 litr) xam neftdən təxminən 120-130 litrə qədər avtomobil yanacağı (benzin və dizel) istehsal etmək mümkündür. Bu, həm də o deməkdir ki, istehsal prosesi zamanı çəkilən xərcləri (daşınma, işçi qüvvəsi və s.) nəzərə almasaq benzinin 1 litri üçün istifadə olunacaq xam neftin maya dəyəri 9 qəpikdən baha ola bilməz.

Qeyd edək ki, Azərbaycanda benzinin maya dəyəri rəsmi şəkildə açıqlanmır. Yalnız istehsalçı şirkətdən çıxış qiyməti ( şirkətdaxili tarif) qeyd olunur. Hazırda 9 qəpiklik neftdən əldə olunan 1 litr Aİ-92 markalı benzin şirkətdaxili qiyməti 47 qəpiyə, dizelin şirkətdaxili qiyməti isə 31,5 qəpiyə bərabərdir.

Onu da bildirək ki, Aİ-92 markalı benzin və dizel pərəkanda bazara daxil olana kimi şirkətdaxili qiymətin üzərinə müxtəlif vergi və rüsumlar əlavə olunur.

Hazırda Aİ-92 markalı benzin şirkətdaxili qiymətinin üzərinə 42% aksiz vergisi (20 qəpik) və 1,1 qəpik təchizat (daşınma) tarifi əlavə olunur. Nəticədə topdansatış məntəqəsinə daxil olan Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 68,1 qəpik olur. Tarif Şurasının müəyyən etdiyi topdansatış qiyməti isə bundan 12,2 qəpik çoxdur  – 80,3 qəpikdir. Topdansatış qiymətinin üzərinə isə hər litr üçün 2 qəpik yol vergisi əlavə olunaraq pərəkanda satışa verilir. Pərəkanda satışda isə Aİ-92 markalı benzinin 1 litri 90 qəpiyə satılır. 

Dizelin şirkətdaxili qiymətinin üzərinə isə 18% aksiz vergisi (5,6 qəpik) və 1,1 qəpik təchizat (daşınma) tarifi əlavə olunur. Nəticədə topdansatış məntəqəsinə daxil olan dizelin 1 litrinin qiyməti 38,2 qəpik olur. Tarif Şurasının müəyyən etdiyi topdansatış qiyməti isə bundan 6,8 qəpik çoxdur  – 45 qəpikdir. Topdansatış qiymətinin üzərinə isə hər litr üçün 1,8 qəpik yol vergisi əlavə olunaraq pərəkanda satışa verilir. Pərəkanda satışda isə dizelin 1 litri 60 qəpiyə satılır. 

Yeniavaz.com

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)