Evlərin qiyməti ucuzlaşa bilər - EKSPERT
“Koronavirusla bağlı Azərbaycanda tətbiq olunan karantin rejimi digər sahələrə olduğu kimi daşınmaz əmlak bazarına da təsir göstərib. Pandemiyadan əlavə paytaxt və Azərbaycanın əmlak bazarına təsir göstərən amillərdən biri də neftin qiyməti ilə bağlıdır. Təbii ki, ölkəyə gələn vəsaitin azalması, həmçinin daşınmaz əmlaka olan marağı da azalda bilər. Buna görə də qiymətlərin aşağı düşmə ehtimalı var”.
Əmlak üzrə ekspert Ramil Qasımzadə daşınmaz əmlak bazarındakı vəziyyətdən danışarkən deyib. O bildirib ki, neftin qiyməti aşağı səviyyədə qalsa daşınmaz əmlak bazarında 20-25 faiz enmələr müşahidə olunacaq: “Bundan əlavə əgər karantin müddəti may ayında başa çatsa və neftin qiymətində artım olarsa, büdcədə nəzərdə tutulan qiymətə qədər gələrsə, ilin sonuna kimi qiymətlərdə 5-10 faizə qədər artım baş verə bilər. Digər ehtimal isə neftin qiyməti aşağı olsa, tikintiyə dövlət dəstəyi olarsa, bazarda qiymətlər təxminən 10 faiz ətrafında aşağı düşə bilər”.
Ekspertin sözlərinə görə, kirayə mənzil bazarında da qiymətlər 10-15 faizə qədər düşüb: “Əgər yay aylarında ali məktəblər fəaliyyət göstərsə, kirayə mənzillərin qiyməti nisbətən aşağı düşəcək. Bəzi mənzil və obyekt sahibləri vəziyyətlə əlaqədar qiymətləri endiriblər.
Koronavirus daşınmaz əmlak bazarında böhrana səbəb oldu. Əgər pandemiya baş verməsəydi qiymətlər artıma doğru gedərdi”.