"Bank Silk Vey" adını niyə dəyişdi? - AÇIQLAMA
“Bank Silk Vey” ASC adının dəyişdirilməsi ilə bağlı məlumat yayıb.
"BI" banka istinadən xəbər verir ki, son illərdə bir çox yeniliklərə və iri həcmli layihələrə imza ataraq sürətlə inkişaf edən, Bank və maliyyə sektorunda özünəməxsus yeri ilə geniş müştəri kütləsinə sahib olan “Bank Silk Vey” ASC bu ənənəyə sadiq qalaraq növbəti yeniliyə addım atıb, adının dəyişdirilməsinə qərar verib: “Belə ki, “Bank Silk Vey”Açıq Səhmdar Cəmiyyəti artıq “Premium Bank” Açıq Səhmdar Cəmiyyəti adı altında fəaliyyətini davam etdirir”.
Bankın Müşahidə Şurasının sədri Elçin Əhmədov bildirib ki, hər zaman əsas prioriteti keyfiyyətli xidmət, müştəri məmnuniyyəti və yeniliklərə inteqrasiya etmək olan “Bank Silk Vey” ASC-nin bu addımı da onun daim inkişafda olmasının bariz nümunəsidir: “Uzun müddət fəaliyyət istiqamətinin bilavasitə nəqliyyat sektoruna yönəlməsinə baxmayaraq bankımız, son illərdə təqdirəlayiq xidmət və yeni məhsulları ilə geniş müştəri kütləsinin ürəyini fəth edib, “Bizimlə Güvənlidir” şüarı altında özünəməxsus yerini qazanıb. Bütün bu hallar da sağlam və işgüzar komanda ilə çalışan Bank rəhbərliyinin özünə olan inamını artırıb, Bankın, dünya bankları, maliyyə sektorları sıralarında yeni ad altında addımlamasına və əməkdaşlığını davam etdirməsinə təkan verib. Biz əminik ki, yeni adımız xidmət və rentabellik səviyyəmizin inkişafına, çoxşaxəli partnyorluq əlaqələrinin qurulmasına, işgüzar nüfuzumuzun artırılmasına, maliyyə potensialımızın güclənməsinə öz töhfəsini verəcək və bizim müştərilərimizə “Bizimlə daha da Güvənli” olacaq”.
Bildirilib ki, bankın adının dəyişməsi onu müştərilər, əməkdaşlıq etdiyi tərəflər qarşısında yaranmış hüquq və öhdəliklərdən azad etmir, istifadədə olan kart məhsullarının xidmətini dayandırmır və bankın rekvizitləri (VÖEN, SWIFT kod, müxbir hesab, ünvan, əlaqə nömrələri və sair) dəyişməz olaraq saxlanılır.