Azərbaycanda orta aylıq əmək haqqı 28% artıb
Bu il martın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 107,2 min nəfər və yaxud 7% artaraq 1 641,5 min nəfər olub.
ENA.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun 911,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 730,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 20,5%-i təhsil, 18%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,1%-i sənaye, 8,2%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,3%-i tikinti, 6,9%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8%-i maliyyə və sığorta fəaliyyəti, 13%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
Bu ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 28,4% artaraq 712,3 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.