Təklifin tələbi üstələdiyi bazara OPEC+ anlaşması necə təsir edəcək?
Neftin qiymətinin ucuzlaşması və bazarda tələbatın azalması “OPEC+” formatının yenidən bərpa olunmasını zəruri etdi. Yalnız Rusiya və Səudiyyə Ərəbistanı deyil, eyni zamanda, ABŞ da neftin qiymətindəki kəskin ucuzlaşmanın qarşısının alınmasında maraqlı idi. Əslində “OPEC+” formatının bərpa edilməsi, həm də ABŞ Prezidentinin təşəbbüsü kimi qiymətləndirilir.
Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O bildirib ki, “OPEC+” formatı çərçivəsində imzalanan anlaşma iki aspektdən tarixi əhəmiyyət daşıyır: Birincisi, “OPEC+” heç zaman hasilatın belə böyük həcmdə azaldılması ilə bağlı qərar qəbul etməmişdi. Praktik olaraq OPEC, xüsusən də “OPEC+” formatı formalaşdırıldıqdan sonra ən böyük hasilat məhdudiyyətinə gedir. İkincisi, “OPEC+” formatının son qərarı həm də “neft müharibəsi” başa çatması anlamına gəlir. Rusiya ilə Səudiyyə Ərəbistanı arasındakı “neft müharibəsi” bazarda tənəzzül və “qara qızıl” qiymətində kəskin ucuzlaşma müşahidə olundu. Bütün bunlarla yanaşı, “OPEC+” formatında qəbul edilən bu qərar hələlik neftin qiymətinin kəskin artmasına gətirib çıxarmayacaq. Hələlik, anlaşmanın bazara təsirləri də ciddi deyil, cüzidir. OPEC bununla qiymətin stabilləşdirilməsinə nail olmağa çalışır. Koronavirusun aktiv olduğu dövrdə neftin qiymətində kəskin artımlar proqnozlaşdırılmır. Nəzərə alsaq ki, koronavirus neftə olan tələbin azalmasına gətirib çıxarır. İlkin mərhələdə, neft tələbi ilə təklif arasındakı fərq gündəlik 10 milyon barrelə yaxın olsa da, son qiymətləndirmələr göstərir ki, artıq neftə olan tələbatın azalması təklifin tələbi 20 milyon barrelədək üstələməsinə gətirib çıxarıb. Son razılaşma bu tədarük bolluğunun 10 milyon barrelinin kompensasiya edilməsinə səbəb olsa da, hələ də təklif tələbdən çoxdur. Belə olan halda qiymətdə hiss edilən artımın olacağı proqnozlaşdırılmır.
“Təbii ki, OPEC qiymətləri stabil saxlamağa çalışır. Güman olunur ki, bu, neftin qiymətindəki kəskin ucuzlaşmanın qarşısını müəyyən qədər ala bilər. Bu da birbaşa koronavirusun yayılma coğrafiyasından, eyni zamanda, pandemiyanın təsirlərinin qlobal səviyyədə nə zaman minimumlaşdırılmasından asılı olacaq. Əgər yaxın aylarda pandemiyanın təsirlərini minimumlaşdırmaq mümkün olarsa, yenidən qlobal iqtisadiyyat mərhələli şəkildə əvvəlki vəziyyətinə qayıdarsa, ölkələr arasındakı nəqliyyat əlaqələri bərpa olunarsa, bu halda neftə olan tələbatın yenidən artması müşahidə oluna bilər ki, bu, “OPEC+” formatının qiymətə təsirinə səbəb ola bilər. Beləliklə də, hasilatın azaldılması ilə bağlı qərar daha çox postkoronavirus dövründə bazardakı qiymətə təsir göstərəcək. Hələlik, neftin qiymətində ciddi dəyişiklik olmayacaq. Koronavirusun yayılma coğrafiyası genişlənərsə, neftin qiymətində ucuzlaşmalar da mümkündür”, – deyə V.Bayramov qeyd edib.