"Xalq Bank"ın depozit reytinqi üzrə proqnozu pisləşdi
“Moody’s” beynəlxalq reytinq agentliyi “Xalq Bank” ASC-nin uzunmüddətli milli və xarici valyutada depozit reytinqini "B2" səviyyəsində təsdiqləyib, bu reytinq üzrə proqnozu "Sabit"dən "Mənfi"yə dəyişib.
“Moody’s” hesab edir ki, koronavirus infeksiyası və aşağı neft qiymətləri "Xalq Bank"ın borcalanlarının kredit ödəmək qabiliyyətini zəiflədə bilər. Bununla yanaşı, Bank mənfi təsirləri azaltmaq üçün əvvəlcədən təmin edilmiş gəlirlərə və sağlam kapital adekvatlığına malikdir.
Bu il fevralın 1-nə, “Xalq Bank”ın xarici valyutadakı kreditləri ümumi kredit portfelində 76% paya malik olub ki, bu da agentliyin reytinq verdiyi banklar arasında ən yüksək göstəricidir. “Moody’s” hesab edir ki, borcalanların yalnız yarısı xarici valyuta ilə verilmiş kredit borclarını ödəmək üçün kifayət qədər xarici valyuta gəlirlərinə malikdir. Bu da Bank və onun borcalanlarını aşağı neft qiymətləri fonunda Azərbaycan manatının devalvasiyasına qarşı həssaslaşdırır.
"Xalq Bank"ın KOB-lara verdiyi kreditlər limitlidir və ümumi kredit portfelinin cəmi 10%-i ticarət şirkətlərinə, otellərə (bura otellərin inşaası layihələri də daxildir) verilib. “Moody’s” hesab edir ki, Bankın gəlirliliyi daha yüksək kredit itkiləri və xalis faiz marjasının daralması ilə azala bilər.
Bununla belə, Bankın kapitallaşması möhkəm hesab edilir.