Azərbaycanın neft ixracatından qazancı sıfıra yaxınlaşır
"Dünya bazarlarında xam neftin qiymətinin kəskin ucuzlaşması bəzi tədarükçüləri ziyana salır. Hazırkı qiymət Rusiyanın neft ixracatından zərərlərini artırır. Hesablamalara görə, bu qiymətə Rusiyanın neft şirkətləri hər ay 4,5-5 milyard dollar ziyana düşə bilər. Qiymətin hazırkı səviyyəsi uzunmüddətli dövrdə sabit qalarsa onda Rusiya dövlətinin bu il neft ixracatından zərəri 55 milyard dollar ətrafında ola bilər. Qiymətlərin enişinin davam etməsi onun 20 dollardan aşağı düşməsi Azərbaycanı da ziyana sala bilər".
ENA.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Qubad İbadoğlu bildirib.
O deyb: "Hazırkı qiymət Azərbaycan neftinin satışından cüzi də olsa mənfəət əldə etməyə imkan versə də bu davamlı olmaya bilər. Belə ki, neft bazarında əsas tədarükçülərdən olan Səudiyyə Ərəbistanın ixracatını gündəlik 7 milyondan 9 milyon barrelə qaldırması, satışların və sifarişlərin həcminin azalması nəticəsində satılmayan neftin anbarların və çənlərə doldurulması vəziyyəti xeyli gərginləşdirib.
Görsənir ki, neft bazarında qiymətlər yenə də ucuzlaşacaq. Onun davamlı olması dünya iqtisadiyyatının durumundan asılı olaraq. Hazırkı gedişlə qlobal iqtisadiyyat tənəzzülə qədəm qoyur.
Odur ki, bahalı neft ixracatçılarının xüsusilə də Rusiyanın qara günləri qabaqdadır. Məlumat üçün qeyd edim ki, Rusiya dünyada ən bahalı neft istehsal edən ölkələrdən biridir, onun quruda çıxartdığı xam neftin hasilat və daşınma dəyəri birlikdə hər barrelə görə 30 dollar təşkil edir. Xam neftin hasilat dəyəri hər barrelə görə Qazaxıstanda 16, İranda 15, İraqda 7, BƏƏ-də 6, Səduiyyə Ərəbistanında 3 dollardır.
Azərbaycana gəlincə, BP-nın istehsal etdiyi xam neftin 1 barrelinin alıcıya çatdırılma müqavilələri üzrə xərclər nəzərə alınmaqla 15 dollar və məsafədən asılı olaraq bir qədər artıqdır.
SOCAR-a gəlincə, şirkət 2018-ci ildə 1 ton neftin istehsal maya dəyəri 117,92 manat olduğunu açıqlayıb.
Bu o deməkdir ki, dünya bazarında neftin qiyməti hər barrelə 20 dollara qədər ucuzlaşarsa, Azərbaycanın neftdən qazancı olmayacaq, 20 dollardan aşağı olarsa Azərbaycan neft ixracatından zərərə düşəcək.
Hazırda Azərbaycan neftinin dünya bazar qiyməti 25 dollar ətrafında dəyişir. Bu o deməkdir ki, Azərbaycanın neft ixracatından qazancı sıfıra yaxınlaşır. Məlumat üçün onu da qeyd edim ki, Azərbaycanın 2019-cu ildə Azəri Çıraq Günəşli yatağından gündəlik hasilatı 535 min barrel təşkil edib".
Eləcə də bax: Azərbaycan nefti ucuzlaşıb - YENİ QİYMƏT
Unikal.org