Çinə pul köçürmələrində problem yaranıb - “Western Union” açıqladı
“Western Union” və “Zolotaya Korona” pul köçürmə sistemləri koronavirusun yeni növünün yayılmasına görə bankların nağd pul verən filiallarının bağlanması səbəbi ilə Çində pul köçürmələri ilə bağlı çətinliklər yarandığını bildirib.
ENA.az RBK-ya istinadən xəbər verir ki, bu barədə pul köçürmə sistemlərinin rəsmi məlumatlarında deyilir.
“Western Union”un rəsmi saytında şirkətin COVID-19 koronavirusu ilə əlaqəli vəziyyətin inkişafını yaxından izlədiyi və Çinin yoluxma halları daha çox yayılmış bölgələrində xidmət nöqtələrinin iş saatlarının standartdan fərqli ola biləcəyi bildirilir. Şirkət nümayəndəsi yoluxmanın daha cox yayıldığı ərazilərdəki müştərilərə “Western Union”un rəqəmsal kanallarından və tərəfdaş banklarından istifadə edərək pul almağı və göndərməyi tövsiyə edib.
“Zolotoya Korona”dan isə bildiriblər ki, Çində şirkətin tərəfdaşlarının sayı azalmayıb, amma bütün nöqtələr müştərilərə xidmət göstərə bilmir. “Mövcud problemlər göndərilən vəsaitlərin həcminin azalmasına səbəb olub. Hələlik belə vəziyyət yalnız Çinə aiddir və koronavirusun yayıldığı digər ölkələrə təsir etmir”, - şirkətdən vurğulayıblar.