Mərkəzi Bank yeni inzibati bina tikdirəcək: TENDER
Azərbaycan Mərkəzi Bankı Heydər Əliyev prospekti, 109 ünvanında bankın yeni inzibati binasının layihələndirilməsi və tikinti işləri üçün təkliflər üçün tender elan edib.
ENA.az xəbər verir ki, təkliflər 4 may 2020-ci ilədək qəbul olunur. Təkliflərin açılışı iyunun 1-də olacaq.
Qaliblə müqavilə 36 ay müddətinə bağlanacaq. Bu müddət ərzində şirkət müfəssəl bir dizayn hazırlamalı və tikinti işlərini həyata keçirməlidir.
Tikintinin ümumi sahəsi 33,2 min kvadratmetrdir. Hündürlüyü təqribən 160 metr səviyyəsində planlaşdırılan binanın sahəsi 67.926 kvadratmetr olacaqdır. Planlaşdırma zamanı zirzəmidə saxlama anbarları, texniki obyektlər və qarajın olması, həmçinin konfrans salonları, kitabxana, restoran, həmçinin xarici landşaf nəzərə alınmalıdır.
Təkliflər texniki cəhətdən maksimum 60 bal və maliyyə amilləri maksimum 40 bal üzrə qiymətləndiriləcəkdir.
Qeyd edək ki, AMB mövcud ofis binası 1998-ci ildə inşa edilmiş və 200 işçi üçün nəzərdə tutulmuşdur. Onun tikintisinə 30 milyon dollar xərclənib.Lakin, son illər ərzində AMB xeyli genişlənib, yeni struktur bölmələri yaranıb. Nəticədə AMB heyəti xeyli artıb. Buna əsaslanaraq, bank yeni inzibati bina tikmək qərarını açıqladı.