TURİZM

Bakı-Ankara qatarı nə vaxt reysə çıxarılır? – VİDEO

Hələlik istifadəyə veriləcəyi vaxt məlum olmayan Bakı-Tiflis-Ankara qatarının içindən hazırlanmış reportaj marağa səbəb olub.

Bloger Xanlar Molanov sözügedən qatardakı xidmətlər, şərait və vətəndaşlar üçün yaradılmış imkanları təqdim edib.
Reрortajdan aydın olur ki, 10 vaqondan ibarət olan qatar ümumilikdə 257 sərnişin üçün nəzərdə tutulub. Vaqonlardan 6-sı ikinci sinif, biri isə xüsusilə əlil arabası ilə olan vətəndaşlar üçün nəzərdə tutulmuş vaqondur.

Restoran-vaqonda 28 nəfərlik yer var.

Daha iki vaqonun isə biri birinci sinif, digəri qarışıq, yəni birinci və ikinci siniflərdən ibarətdir.

İkinci sinif kupelərdə ənənəvi qaydada oturacaqlar və yataq var. Əlavə olaraq televizoru və hər bir sərnişinin özünün idarə edə biləcəyi istilik və sərinlədici havalandırma sistemi mövcuddur. Kupenin qapı girişinin üstündəki işarələrdən tualet və hamamın boş və ya dolu olduğunu görmək, kupenin işığını yandırıb-söndürmək mümkündür. Həmçinin xüsusi düymə var ki, onu basaraq bələdçini çağıra bilərsiniz. Bu zaman qapı girişinin üstündə qırmızı işıq yanır və bələdçi sizə yaxınlaşır. Hər kupedə xüsusi seyf var ki, qiymətli əşyalarınızı ora yerləşdirib qapısını örtə bilərsiniz. Seyfin qapısını isə ancaq sizdə olan kart vasitəsilə açmaq mümkündür.

Kupedə həmçinin musiqi mərkəzi, mahnıya qulaq asmaq üçün xüsusi qulaqcıq yerləri də mövcuddur.

Birinci sinif 4 nəfərlik kupelərdə ayrıca tualet və hamam otağı var. Həmçinin birinci sinif vaqonlarda 4 nəfərlik kupelərin arasında açılıb-bağlana bilən arakəsmə də var ki, ailələr iki kupeni götürüb rahatlıqla qala bilərlər. Bu kupelərdə duş da quraşdırılıb.

Əksər qapılar maqnitlidir. Səbəb isə hərəkət zamanı qapıların çırpılmaması üçündür…

İndi isə hamını maraqlandıran Azərbaycanın İsveçrədən aldığı yeni “Stadler” vaqonlarının istifadəyə veriləcəyi günün tarixidir.

Qatarla səyahət qiymətinə gəlincə, məlumatlara görə, qiymətlər vaqonların sinfindən asılı olaraq adambaşına 50-120 avro arasında (100-240 manat) dəyişəcək.

©Bakupost

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)