Azərbaycanlılar "yerli siqaret"ə daha çox pul verməyə başlayıblar
2019-cu ildə Azərbaycana xarici ölkələrdən 4 milyard 277,2 milyon ədəd tərkibində tütün olan siqaret idxal olunub. Açıqlanan rəsmi məlumatlara əsasən, 2018-ci illə müqayisədə siqaret idxalı 2,6 dəfə azalıb. Belə ki, 2018-ci ildə ölkəyə 11 milyard 277,2 milyon ədəd siqaret gətirilib.
Siqaret idxalından fərqli olaraq ölkə daxilində istehsal olunan papiros və siqaret istehsalı artıb. 2018-ci illə müqayisədə papiros və siqaret istehsalı 92% artıb. Belə ki, 2018-ci ildə ölkədə 4 milyard 949,6 milyon ədəd siqaret istehsal olunduğu halda, 2019-cu ildə 9 milyard 528,8 milyon ədəd siqaret istehsal olunub.
Məlumat üçün onu da bildirək ki, 2018-ci illə müqayisədə tütün məmulatlarının qiyməti 2019-cu ildə 17,7% bahalanıb. Belə görünür ki, insanlar tütün məmulatlarının qiymətinin bahalanması səbəbindən xaricdən gətirilən nisbətən baha siqaretlərin yerinə ölkə daxilində istehsal olunan ucuz siqaretlərə üstünlük verməyə başlayıblar.
Qeyd edək ki, 2019-cu ildə xaricdən gətirilən siqaretin bir ədəddinin orta gömrük dəyəri 2,8 qəpik və ya içərisində 20 ədəd olan 1 qutu siqaretin gömrük dəyəri 56 qəpik olub. Ölkə daxilində istehsal olunan siqaretin bir ədədinin istehsal qiyməti 0,6 qəpik və ya içərisində 20 ədəd olan 1 qutu siqaretin istehsal qiyməti 12,4 qəpik olub.
İllər | Yerli istehsal | İdxal |
2018-ci il | 4 949,6 mln. ədəd | 11 277,2 mln. ədəd |
2019-cu il | 9 528,8 mln. ədəd | 4 274,46 mln. ədəd |
yeniavaz