Azərbaycan şirkəti ABŞ şirkətilə birgə müəssisə yaradır - MEMORANDUM İMZALANDI
Birgə müəssisə Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşəcək. Müəssisə Azərbaycanda həm quruda həm də dənizdə fəaliyyət göstərəcəkdir.
Bu gün Azərbaycanın SOCAR AQŞ şirkəti və ABŞ-ın Halliburton şirkəti Azərbaycanda neft sənayesi üçün çoxsaylı material və xidmətlərin təchizi üzrə fəaliyyət göstərəcək birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumu imzalayıb.
Bu barədə SOCAR AQŞ-dən bildirilib.
SOCAR AQŞ-nin Baş direktoru Ramin İsayev deyib: "Şirkətimizin dünya səviyyəli səriştəsini, zəngin təcübəsini və müasir infrastrukturunu neft sənayesi üzrə material və xidmətlərin təchizi sahəsində qlobal lider hesab olunan Halliburton şirkətinin tam potensialı ilə birləşdirərək Azərbaycanda birgə əməkdaşlıq etmək və fəaliyyətimizi genişləndirmək üçün strateji platformanın əsasını qoyduq!’’.
Halliburton şirkətinin Avropa, Avrasiya və Afrika regionu üzrə Baş vitse-prezidenti Ahmed Kenavi bildirib: "Biz inanırıq ki, SOCAR AQŞ ilə yeni yaradacağımız birgə müəssisəmiz neft sənayesi üçün material və xidmətlərin təchizi üzrə regionun artan tələbatını dünya səviyyəli xidmətlər göstərməklə təmin edə biləcək və bazarda unikal mövqeyə malik olacaqdır.
Bununla yanaşı, bizim bu müəssisə ilə əməkdaşlığımız ölkənin yüksək texnoloji xidmətlərin lokalizasiyası üzrə strategiyasına dəstək verəcək!"
Birgə müəssisə Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşəcək. Müəssisə Azərbaycanda həm quruda həm də dənizdə fəaliyyət göstərəcəkdir.
SOCAR AQŞ və Halliburton şirkətləri birgə müəssisənin fəaliyyətə başlamasını 2020-ci ilin ikinci rübündə, razılaşmanın müəyyən olunmuş müddəalarının icrasından sonra həyata keçirməyi planlaşdırır.