Azərbaycanda 12 avtoxuliqan həbs edildi
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) son vaxtlar yeniyetmələr və gənclər arasında avtoxuliqanlıq edənlərin sayının artması ilə əlaqədar sürücülərə, valideynlərə müraciət ünvanlayıb.
"ENA" xəbər verir ki, müraciətdə son dövrdə respublika ərazisində avtoxuliqanlıq edən yeniyetmə və gənclərə tez-tez rast gəlindiyi qeyd olunub.
Diqqətə çatdırılıb ki, həmin gənclər valideynlərinə məxsus və ya icarəyə götürülən avtomobillərlə yollarda ictimai asayişi pozaraq digər hərəkət iştirakçılarına təhlükə yaradır, qanunazidd hərəkətlərini videoya çəkib sosial şəbəkələrdə yayırlar.
Yol polisi həmin gənclərin və yeniyetmələrin valideynlərini övladlarına qarşı diqqətli olmağa, onların sosial şəbəkə hesablarını mümkün qədər nəzarətdə saxlamağa çağırır.
Bundan əlavə, DYP bildirib ki, valideynlər şəxsi avtomobillərini sürücülük hüququ olmayan övladlarına etibar etməklə təkcə yol hərəkəti qaydalarını pozmur, övladları ilə yanaşı, digər şəxslərin də həyatı üçün real təhlükə yaradırlar.
“Son günlər yeniyetmələrin törətdikləri qəzalarla bağlı televiziya ekranlarında yayımlanan görüntüləri yəqin ki hamı izləyib. Gənclərimiz və onların valideynləri də bilməlidirlər ki, yol polisi nəinki yollara, eləcə də sosial şəbəkələrə nəzarət edir. Sosial şəbəkələrdə aşkar olunan bu cür faktlar dərhal DİN rəhbərliyi tərəfindən nəzarətə götürülür və avtoxuliqanlıq hərəkətlərinə yol verən sürücülərin şəxsiyyəti müəyyənləşdirilərək qanunvericilik çərçivəsində barələrində müvafiq tədbirlər görülür. Son iki həftədə respublika üzrə 12 avtoxuliqan məhkəmə qərarı ilə inzibatı həbs cəzasına məhkum olunub. Onların arasında sürücülük hüququ olmayan yeniyetmələr də var. Həmin şəxslərin valideynlərinə xəbərdarlıq olunub.
Yol polisi digər valideynlərə də bu məsələdə diqqətli olmağı tövsiyə edir. Bu cür hərəkətlər cəmiyyətdə xoş qarşılanmır, ətrafdakıların həyatı təhlükəyə məruz qalır və yol-nəqliyyat hadisələri nəticəsində övladlarınız ağır xəsarət ala və ya dünyasını dəyişə bilər. Ona görə valideynlər ağır fəsadlar baş vermədən vaxtında övladlarının bu cür hərəkətlərinin qarşısını almalıdırlar. Əks halda yol polisi onlara qarşı daha ciddi tədbirlər görəcək”, - deyə müraciətdə xəbərdarlıq edilib.