Hər gün 1 müqavilə bağlayan mühafizə şirkəti – BU İL QAZANCI 1 MİLYONU AŞIB
Satınalmalar portalından toplanan məlumata görə, “Alov Mühafizə” MMC şirkəti 2020-ci ilin ötən dövrü ərzində 32 tenderdə qalib olub və şirkət cəmi məbləği 1 milyon 218 min 845 manat olan 32 müqavilə bağlayıb. Yeni il bayarmı günlərini çıxsaq şirkət hər gün orta hesabla 1 müqavilə bağlayır.
Diqqəti çəkən 32 müqavilədən 17-sinin hər birinin məbləğinin 36 min 300 manat olmasıdır.
Əsasən, Təhsil Nazirliyinə bağlı gimnaziyalar, peşə məktəbləri, məktəb-liseylər, kolleclər, internat məktəbləri, idman məktəbləri mühafizə xidmətini “Alov Mühafizə” MMC-yə həvalə edirlər.
“Alov Mühafizə” MMC 2019-cu ildə büdcədən maliyyələşən təşkilatlar ilə 100-dən çox müqavilə bağlayıb. Ötən il bağlanılmış müqavilələrin böyük hissəsini 26 min 400 manatlıq və 29 min 40 manatlıq müqavilər təşkil etmişdi. Bu il bağlanılmış müqavilərin böyük hissəsinin 36 min 300 manatlıq olması şirkətin qiyməti qaldırdığına işarədir.
“Alov Mühafizə” MMC ən böyük məbləğli (132 min manat) müqaviləni Azərbaycan Texniki Universiteti ilə bağlayır. Universitetin tədris binalarının mühafizəsi “Alov Mühafizə” şirkəti tərəfindən həyata keçirilir.
Qeyd edək ki, "Alov Mühafizə” Xidməti "Riyad Mühafizə” Xidmətinin bazasında yaradılıb.