Mərkəzi Bank yeni modelə keçir – “Banklar aşağı faizlə kredit verə biləcəklər”
Azərbaycan Mərkəzi Bankı əhalinin əmanətlərinin sığortalanmasının yeni modelini hazırlayır. Bu barədə bir neçə gün əvvəl keçirilmiş mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
Onun sözlərinə görə, əmanətlərin tam sığortalanması sistemindən yumşaq çıxmaq daha məqsədəuyğundur: “Yeni sığorta modeli üzərində düşünürük. Bu, sahədə bütün problemlər həll edildikdən sonra olmalıdır, eyni zamanda keçid də yumşaq olmalıdır. Maliyyə sektorunda problemlər hələ həll olunmayıb. Bu gün maliyyə sabitliyi var. Ancaq nöqtəvi problemlər də mövcuddur. AMB olaraq bütün problemləri qısa müddətdə həll etməliyik”.
Bəs əmanətlərin sığortalanmasının hansı modeli Azərbaycan üçün daha uyğun olar? Hazırkı modelin hansı çatışmazlıqları var?
Mövzu ilə əlaqədar bank məsələləri üzrə hüquqşünas Əkrəm Həsənov “Yeni Sabah” a açıqlamasında bildirib ki, əmanətlərin tam sığortalanması düzgün deyil:
Əmanətlərin tam sığortalanması sistemi heç bir yerdə yoxdur. Yalnız Azərbaycanda belə bir sistem var idi. Mən elə 2016-ci ildən qeyd edirdim ki, bu, düzgün deyil. Çünki bizdə elə bir səhv təsəvvür var ki, guya bu əmanətlər dövlət hesabına sığortalanır. Əslində isə belə deyil, sahibkarların hesabına sığortlanır. Yəni hansısa bank müflis olur, müflis olduqdan sonra Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin əmanətini qaytarır. Sonra isə bankın əmlakını satıb, bankın verdiyi kreditləri qaytarıb və vətəndaşlara verdiyi pulu oradan götürürdü. Bankda yalnız vətəndaşların əmanətləri qalmayıb axı, sahibkarların da əmanətləri var. Onlara heçnə çatmır. Hər şey onların hesabına olur. Bu da birinci problemdir. Bu problem də sahibkarları banklardan qaçırdır.
Məsələnin ikinci tərəfi də odur ki, əmanətlərin tam sığortalanması sistemi faiz dərəcələrinin yüksək olmasından xəbər verir, o cümlədən kreditlər üzrə. Tutaq ki, bir bankın faiz dərəcəsi yüksəkdirsə, deyək ki, 10%-lə qəbul edir, hamı oraya əmanətlərini qoyur. Faiz dərəcələrini aşağı salanda oraya heç kim getmir. Əmanəti yüksək faizlə qəbul edən bank krediti də yüksək faizlə verir. Bu da ikinci problemdir”.
O bildirib ki, hazırkı model dəyişsə, banklar aşağı faizlə kredit verə biləcəklər:
“Amma əmanətçilərin tam sığortalanması olmayanda, tutaq ki, əvvəlki sistemə qayıdırıqsa, onda vətəndaşlar bütün pullarını bir banka qoymur. Yəni vətəndaş əmanətini bölüb, banklara qoyur. Burada da aşağı faizlə əmanət qoymağa məcbur olur. Bu halda da banklar aşağı faizlə kredit verə biləcəklər. Bu, ölkə iqtisadiyyatı üçün yaxşıdır. Amma indiki vəziyyət düzgün deyil. Buna görə də yaxşı ki, Mərkəzi Bank artıq bu problemi həll etməyə başlayıb”.