BİZNES

Biznes kreditləri üzrə faizlər aşağı salınsın: Nazirlər Kabinetdən tapşırıq

Nazirlər Kabineti “Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nı təsdiq edib.

ENA.az xəbər verir ki, Plana əsasən, Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyinə 2020-ci ilin sonunadək bank sektorunun real sektoru dəstəkləməsi, biznes kreditlərinin verilməsi və faizlərin aşağı salınması istiqamətində müvafiq tədbirlərin görülməsini tapşırıb.

Bundan əlavə, Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyinə aprel ayınadək xarici borcun tərkibi təhlil olunaraq səviyyəsinin azaldılması, restrukturizasiyası, o cümlədən, bahalı kreditlərin nisbətən aşağı faizli kreditlərlə əvəz edilməsi ilə bağlı təkliflər hazırlamaq tapşırılıb.

Eyni zamanda Dövlət Neft Fondu, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Mərkəzi Bank aprel ayınadək “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”ın və investisiya siyasətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər verməsi göstərilib

Sənəddə Mərkəzi Banka 2020-ci ilin iyul ayınadək bank sektorunda, o cümlədən şübhəli kreditlərin verilməsinə nəzarətin gücləndirilməsi üzrə müvafiq tədbirlərin görülməsi tapşırılıb.

Yanvarın 13-də keçirilən müşavrədə prezident İlham Əliyev deyib ki, Azərbaycanın bank sektoru daha çox iqtisadiyyatın real sektorunu kreditləşdirməlidir. Əliyev vurğulayıb ki, bank sektoru böyük bir alətdir, yəni iqtisadiyyatın real sektoruna dəstək verməlidir və “bank sektorundan heç bir sürpriz olmamalıdır”.

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov müşavirədə bildirib ki, 2018-2019-cu illərdə Azərbaycanda verilən biznes kreditləri üzrə faiz dərəcəsi 5 faiz punktu - 16%-dən 11%-dək azalıb. Eyni zamanda, o əlavə edib ki, 2019-cu ildə bankların kredit portfeli 21% artıb, bu da daha fəal istehlak kreditləşməsi ilə əlaqədardır.

Bundan əlavə, prezident İlham Əliyev müşavirədə Maliyyə Nazirliyinə xarici borcun azaldılması ilə bağlı prosesi davam etdirməyi tapşırıb. “Kreditorlarla danışıqlar aparıla bilər ki, biz bu borcları vaxtından əvvəl qaytaraq. Çünki hesab edirəm ki, xarici dövlət borcu nə qədər aşağı olsa, o qədər yaxşıdır. Bir də ki, biz indi xarici kreditləri də çox böyük ehtiyatla alırıq. Ancaq texnoloji layihələrin həyata keçirilməsi üçün kreditlər alına bilər”, - dövlət başçısı əlavə edib. 2019-cu ilin sonuna Azərbaycanın xarici borcu ÜDM-in 17,2%-nə bərabərdir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)