Elm və Texnologiya

“Azərkosmos” Tanzaniyada yayım xidmətləri göstərəcək

“Azərkosmos” ASC Tanzaniyanın rəqəmsal peyk xidmətləri təminatçısı “Azam TV” ilə müqavilə imzalayıb. 

ENA.az xəbər verir ki, müqavilə “Azərkosmos”a bu ölkənin ərazisində Rəqəmsal Yerüstü Transmissiya (DTT) xidmətləri göstərməsinə imkan yaradacaq.

Müqavilənin şərtlərinə əsasən, DTT xidməti “Azerspace-1” telekommunikasiya peykinin “C-band”ı vasitəsi ilə təqdim ediləcək.

“Biz Şərqi Afrikanın aparıcı rəqəmsal peyk xidməti təminatçısı olan “Azam TV” ilə əməkdaşlıq etməkdən çox məmnunuq. Bu müqavilə tərəfdaşlarımızla birlikdə Tanzaniya xalqına yüksək etibarlı peyk xidmətləri göstərmək istəyimizin rəmzidir”, –deyə “Azərkosmos”un Baş kommersiya inzibatçısı Mark Qutrie (Mark Guthrie) deyib.

Qarşı tərəfin nümayəndəsi olan “Salim Bakhresa & Co Ltd.” şirkətinin icraçı direktoru Səid Səlim Baxresa (Said Salim Bakhresa) da “Azərkosmos”la əməkdaşlıqdan məmnun olduqlarını açıqlayıb: “Biz izləyicilərimizə ən keyfiyyətli televiziya yayımını təmin etmək üçün DTT xidmətləri infrastrukturunda “Azərkosmos”la tərəfdaş olmaqdan məmnunuq. “Azerspace-1” peykini Şərqi Afrika bölgəsi üzərindəki mövqeyi və etibarlılığına görə seçmişik”, - o əlavə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)