Sığorta

3 sığorta şirkəti “Kasko Butik”i – TƏRK ETDİ – YENİ TƏRƏFDAŞ GƏLİB

“Zaman Broker” şirkətinin yaratdığı “Kasko Butik” elektron sığorta platformasına qoşulan daha 3 sığorta şirkəti - “AzSığorta, “Qala Sığorta” və “AtaSığorta” bu layihədən ayrılıblar.

ENA.az xəbər verir ki, “Kasko Butik” layihəsinin rəhbəri Xəyal Məmmədxanlı şirkətlərin layihəni tərk etməsini belə izah edib: “Bu şirkətlərin şəxsi qərarıdır. Ola bilsin ki, buna bənzər məhsul yaratmaq istəyirlər və ya strategiyalarında başqa məsələ nəzərdə tutublar. Amma birmənalı şəkildə deyə bilərəm ki, bu layihənin zərərliyi ilə bağlı qərar deyil. Bu sığorta şirkətlərinin özlərinin strateji qərarlarıdır. “Kasko Butik” isə dayanmadan inkişaf edir. Hətta ötən dövrdəkindən daha yaxşı inkişaf edib layihə”- deyə Xəyal Məmmədxanlı bildirib.

Layihəni tərk edən şirkətlərdən “AtaSığorta”nın İdarə Heyətinin sədri Orxan Məmmədov “AtaSığorta” şirkətinin layihədən uzaqlaşmasını təsdiqləsə də, səbəbini açıqlamaq istəməyib. Digər şirkətlər də layihəni tərk etmə səbəblərini açıqlamayıblar. FED,az-ın sığorta bazarından əldə etdiyi məlumata görə, əsas səbəb layihədə zərirlilik dərəcəsinin yüksək olması ilə bağlıdır.

Layihədən uzaqlaşan şirkətlərin əvəzində “Kasko Butik”-ə “Amrah Sığorta” daxil olub. “Amrah Sığorta” şirkətinin İdarə Heyətinin sədri Emil Ağasıyev bildirib ki, layihəyə qoşulmaqla bağlı təklif «Kasko Butik»dən gəlib və şirət buna müsbət cavab verib: «Onlar sığorta lisenziyasına malik deyil, amma satış üzrə iri layihə yaradıblar. Bizə müraciət etdilər, layihələrinə baxdıq və gördük ki, yaxşı avto-sığorta satışları var. Məhz bu səbəbə görə, biz də bu layihəyə qoşulduq»- deyə Emil Ağasıyev bildirib.

Xatırladaq ki, “Zaman Broker” şirkətinin yaratdığı “Kasko Butik” elektron sığorta platforması 2017-ci ildə fəaliyyətə başlayıb. Layihə yeni başlayanda 6 sığorta şirkəti sığortalılara birgə şərikli zəmanət verirdi. Bunlar “AtaSığorta”, “Atəşgah Sığorta”, “Azsığorta”, “A-Qrup” “Günay Sığorta” və “Qala Sığorta” idi. Lakin sonradan layihəni “Atəşgah Sığorta”, “A-Qrup” və“Günay Sığorta” tərk etmişdilər. İndi isə daha 3 sığorta şirkəti layihəni tərk edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)