Avtomobillərin gömrük rüsumları azaldılmalıdır
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 35457 ədəd müxtəlif təyinatlı nəqliyyat vasitələri idxal olunub. Bunlarında 32 mini minik avtomobilləridir. Bu rəqəm illik təlabata yaxın olsa da, idxal edilən minik avtomobillərinin əksəriyyəti ikinci maşınlardır.
Məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında geniş süjet yayımlanıb.
Eldəniz Cəfərov – Rəsmi diller nümayəndəsi: “Bunu artım adlandırmaq düzgün deyil. Bu avtomobillər də ömrünü başa vurmuş, yararsız avtomobillərdir. Azərbaycan vətəndaşları qonşu Gürcüstandan həmin yarasız avtomobilləri alıb gətirib sürürlər”.
Ölkəyə gətirilən avtomobillərin sayı bu statistika ilə yekunlaşmır. Ölkəyə qeydiyyatsız, xüsusən Gürcüstan nömrəsi ilə gətirilən maşınların sayı son 1 il ərzində kəskin artıb.
Elməddin Muradlı – Nəqliyyat eksperti: “Maşın alıcılarının ona gücü çatır. Ucuz qiymətə alır, ödəyir və sürür. Gürcüstanda 23 min dollara satılan maşın Azərbaycana 35 min dollara gəlir, 13 min dollar – 20 min manat baha gəlir. Bu fərq nəyə görədir?”.
Razi Abbasbəyli – İqtisadçı: “Əgər daxili bazarı qoruyuruqsa, o zaman vətəndaşların da maraqlarını qorumalıyıq. Sosial gəlirləri, bazarda iştirak imkanlarını xırda ticarətdə xüsusən də sərnişin daşımada iştirak imkanlarını da nəzərə alaraq gömrük rüsumları mütləq mənada idxalla bağlı aşağı salınmalıdır”.
Bu fərq sürücüləri alternativ yollar axtarmağa vadar edib. Xarici ölkə vətəndaşının adına ölkə ərazisinə gətirilən avtomobillər hər 3 aydan bir sərhədi keçib geri qaytarılırdı. Amma belə hallar kütləvi hal aldığından Gömrük orqanları nəzarət tədbirlərini gücləndirib. Bundan sonra 3 ay ölkə ərazisində sürülən Gürcüstan nömrəli avtomobil növbəti 9 ay ərzində ölkə xaricində qalmalıdır.
Razi Abbasbəyli – İqtisadçı: “1 il müddətində əgər Gürcüstan vətəndaşı Azərbaycan ərazisində şəxsi maşını ilə daxil olursa, bu müddət qədər də, istifdəsində saxlaya bilər. Lakin gömrük məcələsəsinin 258-ci maddəsi tələbinə görə bu 90 gündür. Burda biraz uyğunsuluq var”.
Dövlət Gömrük Komitəsi yazılı açıqlamasında bu dəyişikliyi gömrük qanunvericiliyin pozulmasının, büdcəyə ödənilməli olan vergi və rüsumlardan yayınmanın və ölkədə ekoloji vəziyyətin pozulmasının qarşısını almaq üçün edildiyini bildirib. Amma rusumlar yuksək olduqdan vətəndaşlar yenə də qanundan kənar yollar axtarmaga başlayıb.
Eldəniz Cəfərov – Rəsmi diller nümayəndəsi: “Gömrük rüsumlarının azaldılması, eyni zamanda avtokreditləşmənin şərtlərinin sadələşməsi, az faiz alınması ona gətirib çıxarar ki, vətəndaşlar yeni avtomobillər alar, avtomobil parkı yenilənər”.
Mövcud vəziyyət və rusumlarla bağlı Gömrük Komitəsindən cavab almaq cəhdimiz isə nəticə vermədi. Komitənin sözçüsü Natiq Axundov zənglərimizə cavab verib, ictimaiyyəti məlumatlandırmağa ehtiyac görmür.
©Baku.ws