Statuslar

Vergi ödəyicisinə 3 il, vergi orqanına 7 il: SƏBƏB

Çox təəssüf ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin hüquqi ekspertizası aparılmır. Bunun nəticəsidir ki, təklif olunan dəyişiklik qüvvəyə mindikdən sonra vergi ödəyicisi 3 il ərzində ondan düzgün tutulmamış vergilərin yenidən hesablanmasını tələb edə bildiyi halda, vergi orqanı 7 il ərzində hesablanmış vergiləri yenidən hesablamaq hüququna malik olacaq.

"Normativ hüquqi aktlar" haqqında Qanuna əsasən normayaratma fəaliyyəti – normativ hüquqi aktların hazırlanması, ekspertizası, qəbul olunması, onlarda dəyişikliklər edilməsi, onların şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi üzrə fəaliyyətdir (maddə 1.0.13) . Normayaratma fəaliyyətinin 9 əsas prinsipindən biri mütənasiblikdir. Eyni zamanda normativ hüquqi aktın layihəsinin hüquqi ekspertizası keçirilən zaman qanun layihəsinin normayaratma fəaliyyətinin əsas prinsiplərinə uyğunluğu və normativ hüquqi aktda (onun layihəsində) sui-istifadə amillərinin və sui-istifadəyə məruz qalma təzahürlərinin, sui-istifadənin təzahürləri üçün şərait yaranmasına kömək edən digər müddəaların mövcud olub-olmaması yoxlanılmalıdır.

Hesab edirəm ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin Vergilər Nazirliyində hazırlandığı üçün vergi münasibətlərinin iştirakçıları (vergi orqanı və vergi ödəyicisi) arasında olan mütənasiblik açıq-aşkar pozulur və vergi orqanları üçün sui-istifadənin təzahürlərinə şərait yaranmasına kömək edir.

 

Vəli Əliyev
Ekspert

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department