TURİZM

Azərbaycanla Rusiya arasında turizm alyansı yaradılacaq

Azərbaycan – Rusiya və Rusiya – Azərbaycan işgüzar şuraları turizm əməkdaşlığı və turizm alyansı təsisi barədə saziş imzalayacaq.

Bu barədə X Rusiya – Azərbaycan regionlararası forumunun açılışında Azərbaycan – Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov bildirib.

“Bu fikir Peterburq forumundakı işgüzar dialoq zamanı səsləndirilib. Bu da fikirləri gerçək layihələrə çevirmək üçün əlimizdə nə qədər çevik və səmərəli mexanizmlərin olduğunu bir daha ortaya qoyur. Bu sazişin və yeni yaradılacaq alyansın həm mühüm iqtisadi, həm də mədəni əhəmiyyət kəsb edən qarşılıqlı turizmin inkişafına töhfə verəcəyinə əminəm. Nəticədə hər iki ölkədə daha çox insan o biri ölkənin tarixi, mədəni mirası ilə tanış ola biləcək. Son iki ildə Azərbaycana gələn rusiyalı turistlərin sayı xeyli artıb”, – deyən Şura rəhbəri 2020-ci ildə birgə fəaliyyətə dair hazırlanan proqramda işgüzar missiyaların, sahəvi sərgilərin, iri iqtisadi tədbirlər çərçivəsində işgüzar dialoqların təşkil olunmasının nəzərdə tutulduğunu dilə gətirib.

S.Qurbanov iki ölkənın regionları arasındakı əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığı da diqqətə çatdırıb: “Rusiyanın 80-dək inzibati bölgəsi Azərbaycanla iqtisadi əlaqələr saxlayır. Həmin əlaqələrin inkişafına bugünkü forumun da töhfə verəcəyinə şübhə etmirəm. Aramızda həm dövlət səviyyəsində, həm də Rusiyanın subyektləri ilə Azərbaycanın ayrı-ayrı rayonları arasında təmas nöqtələri az deyil. Əlbəttə ki, potensial artım mənbələrini üzə çıxarmalı, həmçinin irəli getməyimizi əngəlləyən məsələləri də müzakirə etməliyik. Aramızdakı koperasiyanın yüksək səviyyəsinə baxmayaraq, müxtəlif sahələrdə geniş inkişaf potensialının olduğuna əminliyim tamdır”.

Azərbaycanda regionların sosial iqtisadi inkişafına dair dövlət proqramlarının icrasını qeyd edən İdarə Heyətinin sədri bildirib ki, ötən ilin sonunda Azərbaycanın regionlarının 2014-2018-ci illərdəki iqtisadi sosial inkişafına dair III dövlət proqramının icrası uğurla başa çatdırılıb: “Bu ilin əvvəlində də ölkə Prezidenti İlham Əliyev tərəfindən 2019-2023-ci illər üçün nəzərə tutulmuş sayca dördüncü belə proqram təsdiq olunub. Proqramda qeyri-neft sektorunun təşviqi, regionlarda infrastrukturun inkişaf etdirilməsi, sərmayələrin artırılması, sahibkarlıq mühitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər nəzərdə tutulur. Sənəd rusiyalı həmkarlarımız üçün də yönləndirici vasitə olacaq. Şübhəsiz ki, şuralarımızın bugünkü iclasında iki ölkənin regionları, işgüzar dairələri arasında daha səmərəli dialoq, daha sıx əlaqələr qurmağa yardım edəcək”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)